Əsas Səhifə > MANŞET > Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib18-01-2019, 20:45 |
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib. ŞƏFFAFLIQ.Az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara alıb.Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş “Üzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.(AZƏRTAC) Geri qayıt |