Əsas Səhifə > Gündəm > Xəzər dənizində dalğanın hündürlüyü 8.9 metr oldu
Xəzər dənizində dalğanın hündürlüyü 8.9 metr oldu17-01-2019, 20:30 |
"Xəzər dənizində dalğanın hündürlüyü 8.9 metr təşkil edir". Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyevadeyib. "Hava şəraitinin ən kəskin dövrü günün ikinci yarısı və axşama doğru proqnozlaşdırılmışdı. Küləyin maksimal sürəti məhz axşam saatlarında müşahidə olunub. Abşeron yarımadasında yerləşən hidrometeoroloji şəbəkədən gələn məlumatlara görə, küləyin maksimal sürəti saniyədə 40 metrə çatır. Müşahidə olunan hava şəraiti ifrat təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir. Bununla da bizim xəbərdarlığımız özünü tam doğruldub. Təəssüf ki, sosial şəbəkələrdə müəyyən müzakirələr aparılır, hava ilə bağlı xəbərdarlığın nədən şişirdilməsi barədə fikirlər səsləndirilir... Dünən xoş və anomal hava şəraiti var idi. Yanvar ayı üçün ənənəvi olmayan hava şəraiti müşahidə olunurdu. Bəzi yerlərdə temperatur 17-18 dərəcəyə kimi yüksəlmişdi. Bizim məqsədimiz ondan ibarət idi ki, əhali üçün hava şəraitinin çox kəskin dəyişməsi gözlənilməz olmasın. Artıq yanvarın 16-da Nazirlər Kabinetində ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı müşavirə keçirildi. Bütün dövlət orqanlarına tapşırıqlar və tövsiyələr verildi. Bununla da bütün dövlət təşkilatları havanın kəskin dəyişməsinə hazırlıqlı oldular. Hesab edirəm ki, biz üzərimizə düşən vəzifəni yerinə yetirmiş olduq. Bəzi suallar yaranır ki, məktəblərdə dərslər niyə dayandırıldı. Bu, bizim səlahiyyətimizə aid olan məsələ deyil. Bizim vəzifəmiz ondan ibarətdir ki, gözlənilən hər hansı kəskin hava şəraiti haqqında, xüsusilə də ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında dövlət təşkilatlarını və əhalini məlumatlandıraq, baş verə biləcək fəsadları minimuma endirək. Artıq paytaxtda müəyyən fəsadlar müşahidə olunub, çox kəskin proses qeydə alınıb. Dövlət qurumları hazırlıqlı olduqlarını göstərdilər", - deyə Umayra Tağıyeva bildirib. Şəffaflıq.az Geri qayıt |