Əsas Səhifə > SİYASƏT > İran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir:Məhəmməd Baqeri_FOTO
İran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir:Məhəmməd Baqeri_FOTO17-01-2019, 20:11 |
Son illər Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə mühüm irəliləyişlər əldə olunub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, eləcə də İran İslam Respublikası qurulandan bəri İrandan Azərbaycana ilk dəfə hərbi və müdafiə sahəsində yüksək səviyyəli nümayəndə heyətinin səfəri müvafiq sahələrdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. ŞƏFFAFLIQ.Az xəbər verir ki, bu barədə Bakıya səfəri ilə əlaqədar fikirlərini bölüşən İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri mətbuat nümayəndələri üçün təşkil olunan brifinqdə deyib. Məhəmməd Baqeri diqqətə çatdırıb ki, İran Azərbaycanı özü üçün qonşu, dost və qardaş ölkə hesab edir. Lakin biz münasibətlərimizin bu səviyyədə olması ilə kifayətlənə bilmərik. İki ölkə arasında müştərək layihələr, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi, Rəşt-Astara dəmir yolu xəttinin çəkilişi, eləcə də digər infrastruktur və yol-nəqliyyat layihələri icra olunmaqdadır. Bu layihələr icra olunduqdan sonra iki ölkə arasında iqtisadiyyat və ticarət sahələrində əlaqələr daha da genişlənəcək və inkişaf edəcək. İran Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır. Məhəmməd Baqeri qeyd edib ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması, məcburi köçkünlərin və qaçqınların problemlərinin həll olunması, onların doğma yurd-yuvalarına qayıtması məsələsinin həll olunmasını istəyir. General-leytenant M.Baqeri deyib: “Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə ölkənizə etdiyim bu səfər çərçivəsində, o cümlədən aidiyyəti qurumların rəhbərləri ilə keçirilən səmərəli görüşlərdə ikitərəfli hərbi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr apardıq və müəyyən razılıqlar əldə olundu. Düşünürük ki, gələcəkdə bu sahədə əlaqələrimizi daha da inkişaf etdirə biləcəyik. İki ölkənin sərhədləri də sülh və dostluq sərhədləridir və ölkələrimizin sərhəd komandanları bu sahədə böyük işlər görürlər. Ümid edirik ki, bu sabitlik və sülh sərhədləri gələcəkdə də hər iki ölkə tərəfindən daha yaxşı qorunacaq və ölkələrimiz arasında insanların gediş-gəlişi, malların nəqli üçün daha yaxşı şərait yaradılacaq”. Baş Qərargah rəisi bildirib ki, Xəzəryanı dövlətlər, eləcə də Azərbaycan ilə İran arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul olunması böyük irəliləyişdir. Bu konvensiya imkan verəcək ki, gələcəkdə Xəzər dənizində əməkdaşlığı daha da genişləndirək və birgə hərbi təlimlər təşkil edə bilək.(AZƏRTAC) Geri qayıt |