Əsas Səhifə > Gündəm > Xamaneiyə yaxın olan dövlət xadimi də virusun qurbanı oldu
Xamaneiyə yaxın olan dövlət xadimi də virusun qurbanı oldu3-03-2020, 01:05 |
Şəffaflıq.az xəbər verir ki, İranın ali dini lideri ayətullah Əli Xamaneiyə yaxınlığı ilə tanınan, İranın Ali Məsləhət Şurasının üzvü seyid Məhəmməd Mirməhəmmədi koronavirus xəstəliyindən vəfat edib. İran mediasında yayılan xəbərlərə əsasən, o, bu gün səhər saatlarında Məsih Daneşvər xəstəxanasında, 72 yaşında dünyasını dəyişib. Məhəmməd Mirməhəmmədi Əli Xamenei və Əkbər Haşimi Rəfsəncaninin prezidentlikləri dövründə İran Prezident Aparatının rəhbəri vəzifəsində çalışıb. O, Milli Məclisin iki çağırışında isə deputat olub. Məhəmməd Mirməhəmmədi din xadimi Musa Şübeyri Zəncaninin bacısı olan anası da bir neçə gün öncə koronavirusdan dünyasını dəyişmişdi. İranın Səhiyyə Nazirliyinin mətbuat xidməti ölkədə Kovid-19 virusundan 54 nəfərin öldüyünü, 978 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Xatırldaq ki, son günlər ərzində iranlı bir neçə rəsmi koronavirusa yoluxduğunu bəyan edib. İranın vitse-prezidenti Məsumə İbtikarın yeni tipli koronavirusa yoluxduğu açıqlanmışdı. Həmçinin, İran Milli Məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının sədri Müctəba Zonnur, bir neçə gün öncə İran Parlamentinin Tehrandan seçilmiş millət vəkili Mahmud Sadiqi, eləcə də Səhiyyə nazirinin müavini İrəc Hərirçi də yaydıqları məlumatda koronavirusa yoluxduqlarını bildirmişdilər. Rəsmilərin arasından İranın Vatikandakı sabiq səfiri Hadi Xosrovşahi və son seçkilərdə millət vəkili seçilmiş Məhəmmədəli Ramazaninin bir neçə gün öncə ölüm xəbəri yayılmışdı. Geri qayıt |