Əsas Səhifə > SİYASƏT > Səfir: İndoneziya Azərbaycanla əməkdaşlıq üçün 24 istiqamət müəyyən edib

Səfir: İndoneziya Azərbaycanla əməkdaşlıq üçün 24 istiqamət müəyyən edib


9-02-2026, 13:03


İndoneziya Azərbaycanı Asiya və Avropanın strateji qovşağında yerləşən, Qafqaz regionunun dinamik şəkildə inkişaf edən ölkəsi kimi nəzərdən keçirir.

Bunu müsahibəsində bu il yanvarın 30-da etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi deyib.

O qeyd edib ki, belə coğrafi mövqe Azərbaycanı İndoneziya üçün mühüm tərəfdaşa çevirir və müxtəlif sektorlarda əməkdaşlıq üçün yeni imkanlar açır:

"Biz gələcək əməkdaşlığın rəsmi əsası kimi möhkəm siyasi bünövrə formalaşdırmağı planlaşdırırıq. Bu kontekstdə qarşılıqlı fəaliyyətin ikitərəfli infrastrukturunu yaratmaq vacibdir. Əməkdaşlıq modeli kompleks, inteqrasiya olunmuş və bütöv olmalı, birdəfəlik təşəbbüsləri deyil, multiplikativ effektə malik sistemli qarşılıqlı fəaliyyəti əhatə etməlidir".

Diplomatın fikrincə, indiki mərhələdə İndoneziya və Azərbaycanın kompleks və strateji tərəfdaşlıq qurması zəruridir:

"İkitərəfli münasibətləri, o cümlədən iqtisadi və siyasi sahələrdə əlaqələri, həmçinin yüksək səviyyəli təmasları aktivləşdirməyi zəruri hesab edirik. Bunun üçün biz iki ölkə liderləri arasında təmaslara ümid edirik".

Səfir vurğulayıb ki, İndoneziya ən böyük iqtisadiyyatlardan birinə, inkişaf etmiş sənaye bazasına, əhəmiyyətli təbii ehtiyatlara, o cümlədən nikel hasilatı sahəsində resurslara, həmçinin böyük insan potensialına malikdir.

Şəffaflıq.az


Geri qayıt