Əsas Səhifə > SİYASƏT > Milli Məclisin deputatı Asiya Parlament Assambleyasının Daimi Komitəsinin iclasında iştirak edib

Milli Məclisin deputatı Asiya Parlament Assambleyasının Daimi Komitəsinin iclasında iştirak edib


Bu gün, 13:02


Asiya Parlament Assambleyasının (APA) Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimi olub.

Şəffaflıq.az-ın xəbərinə görə, tədbirdə Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev Qətər Dövlətinə səfəri çərçivəsində dekabrın 23-də paytaxt Doha şəhərində keçirilən bu mərasimdə iştirak edib.

Deputat Rizvan Nəbiyev "Report"a verdiyi açıqlamada bildirib ki, açılış mərasimində Qətər Dövlətinin parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, APA-nın baş katibi Mohammad Reza Majidi, eləcə də APA-nın vitse-prezidenti, Rusiya Dövlət Duması sədrinin müavini Boris Çernışov çıxış ediblər.

Qətər Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim çıxışında Asiya Parlament Assambleyasına uğurlu sədrliyinə və təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələrə görə Azərbaycan Milli Məclisinə xüsusi təşəkkürünü ifadə edib.

Rusiya Dövlət Duması sədrinin müavini Boris Çernışov öz çıxışında cari ilin fevral ayında Bakıda Milli Məclisin sədrliyi ilə keçirilmiş APA-nın 15-ci Plenar iclasında qəbul olunmuş, təşkilatın büdcəsi və üzvlük haqları ilə bağlı məsələlərin həllini ehtiva edən Qətnamənin əhəmiyyətini vurğulayıb.

APA Prezidentinin nümayəndəsi, Milli Məclisin deputatı Rizvan Nəbiyev isə, öz növbəsində, ilk olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakçılara ünvanlanmış arzularını çatdırıb və müasir qlobal çağırışlar fonunda parlament diplomatiyasının artan rolundan, eləcə də Milli Məclisin sədrliyi dövründə APA çərçivəsində həyata keçirilmiş fəaliyyətlərdən bəhs edib.

Deputat Azərbaycanın malik olduğu əlverişli coğrafi mövqenin üstünlüklərini, yaradılmış müasir infrastrukturun Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində oynadığı mühüm rolu, habelə Orta Dəhliz vasitəsilə tranzit və nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş ardıcıl siyasəti diqqətə çatdırıb. Bu kontekstdə 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra Azərbaycanın əsas regional bağlantı mərkəzi kimi nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində artan rolu, Orta Dəhlizin genişlənən imkanları, xüsusilə Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin gücləndirilməsinə dair strateji baxışının, o cümlədən ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərətçi Görüşünə tamhüquqlu üzv kimi qoşulmasının əhəmiyyəti vurğulanıb.

Daha sonra Komitə iclasında APA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri Bakıda qəbul edilmiş "APA Büdcəsinin Planlaşdırılması haqqında" Qətnamənin icrası və gündəlikdə duran digər məsələlərlə bağlı çıxış ediblər.

Qətər Dövlətinin parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim iştirakçı dövlətlərin rəhbərlərini qəbul edib.

Qeyd edək ki, əsası 2006-cı ildə qoyulmuş Asiya Parlament Assambleyasının hazırda 44 üzvü mövcuddur. Azərbaycan Milli Məclisi 2024–2025-ci illərdə APA-ya sədrlik edir. Cari ilin fevral ayında Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə Bakıda APA-nın ali orqanı olan və parlament sədrlərinin iştirakı ilə 15-ci Plenar iclas keçirilib. APA-ya sədrliyin 2026-cı ilin yanvar ayında Manama şəhərində keçiriləcək Plenar iclasda Bəhreyn Krallığına ötürülməsi nəzərdə tutulur.


Geri qayıt