Əsas Səhifə > Cəmiyyət > Bu dairədə 13 məntəqənin nəticələri ləğv edildi

Bu dairədə 13 məntəqənin nəticələri ləğv edildi


24-02-2020, 17:18
 Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Anar Əsədlinin müraciətinə baxılıb.
Şəffaflıq.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK Ramiz İbrahimov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, dairə üzrə nəticələrin ləğv edilməsini qeyd edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Ərizəçi dairə üzrə 1-59-a qədər olan pozuntularla bağlı mülahizələrini qeyd edib. Şikayətçi tərəfindən təqdim olunan iki protokolla rəsmi protokollar arasında ciddi fərq aşkar edilib. MSK-da araşdırma zamanı dairə üzrə iki seçki məntəqəsində pozuntu aşkar edilib”.
MSK sədri Məzahir Pənahov çıxışında qeyd edib ki, seçki dairəsi protokolları nəzərə almadığına görə cəzalandırılmalıdır.
İclasda iştirak edən namizəd Anar Əsədli çıxışında bildirib ki, MSK-ya dairə üzrə 31 məntəqəni əhatə edən 109 videofakt təqdim edilib:
“Məntəqə sədrləri protokol verməkdən imtina ediblər. Biz bununla bağlı görüntüləri sizə təqdim etmişik. Məntəqə sədrləri tərəfindən dairəyə protokolları möhürsüz, ağzı açıq şəkildə kisələrdə gətiriblər. Biz ümumilikdə 8 məntəqədən protokol əldə edə bilmişik, digərlərindən isə bizə protokol təqdim edilməyib. Bununla bağlı MSK-nın “Qaynar xətti”nə də müraciət etmişik.
İclasda daha sonra həmin dairənin 2 seçki (48 və 50 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Bununla da 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə nəticəsi ləğv olunan məntəqələrin sayı 13-ə çatıb.
Bu dairənin lider namizədi İmamverdi İsmayılovdur. O, hazırda Milli Məclisin deputatıdır.
*** 16:32
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
“Report” xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.
MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə,
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli,
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu,
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.Teleqraf.com
Geri qayıt