Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda bir sıra texniki reqlament layihələri ictimai dinləməyə çıxarılacaq
Azərbaycanda bir sıra texniki reqlament layihələri ictimai dinləməyə çıxarılacaqDünən, 15:58 |
|
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə bir sıra texniki reqlament layihələrini ictimai dinləmə və müzakirəyə çıxaracaq. Şəffaflıq.az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, müzakirələr sabah "Bakı KOB evi"ndə olacaq. Söhbət "Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyi haqqında", "Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında", "İzafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyi haqqında", "Yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə tələblər haqqında", "Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında", "Pirotexniki məmulatların təhlükəsizliyi haqqında" və "Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında" texniki reqlament layihələrindən gedir. Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə https://bit.ly/3MhJ2hr linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər: Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakının təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə aparılacaq. İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili, o cümlədən aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiqi məqsədilə Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır. Texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin "Qanunvericilik" bölməsinin "Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi" alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib. Geri qayıt |