Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub

Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub


Dünən, 15:12


Heydər Əliyev Fondunun tərəfdaşlığı, Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025"in açılış mərasimi keçirilib.

Şəffaflıq.az xəbər verir ki, tədbirdə İslam dünyasının mədəni irsinə həsr olunan xüsusi videoçarx nümayiş etdirilib.

Mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi, bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq:

"Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5 mindən çox ziyarətçinin gözlənildiyi bu tədbir, yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək, eyni zamanda ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək".

Nazir tədbirin keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib:

"Habelə, Heydər Əliyev Fonduna, xüsusilə də Azərbaycanın birinci xanımı və Fondun prezidenti Mehriban Əliyevaya milli və qlobal miqyaslı mədəni layihələrə daim göstərdiyi dəstəyə görə təşəkkürümüzü çatdırmaq istəyirik".

Rəsmi açılışdan sonra Mövlanə Cəlaləddin Ruminin "Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol" kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist, "Atesh Hub"un təsisçisi Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Bədii proqramın növbəti hissəsində İbrahim Babayev (tar), Pərviz Məmmədov (piano) və Vəfadar Ramizin (zərb) müşayiəti ilə Azərbaycan milli rəqsi "Yaylıq" təqdim edilib.

Mərasimin son bədii təqdimatı Azərbaycan bəstəkarı Kübra Kərimlinin "Şuşa" kompozisiyası olub. Musiqi əsərini balaban ifaçısı Fəqan Ələsgərlinin müşayiəti ilə müğənni Aisel (Aysel Məmmədova) səsləndirib.

Daha sonra təşkilatçılar və rəsmi qonaqlar sərgi stendlərini ziyarət ediblər.

Qeyd edək ki, festival dekabrın 11-dək davam edəcək.


Geri qayıt