Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > BMT-nin Baş Qərargahında "Azərbaycan Xalçalarının İkinci Həyatı" sərgisi açılıb
BMT-nin Baş Qərargahında "Azərbaycan Xalçalarının İkinci Həyatı" sərgisi açılıbBu gün, 10:17 |
|
ABŞ-nin Nyu-York şəhərində yerləşən BMT-nin Baş Qərargahında "Azərbaycan Xalçalarının İkinci Həyatı" adlı sərgisinin açılışı olub. Şəffaflıq.az xəbər verir ki, sərgi Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və "Arts Council Azerbaijan" tərəfindən təşkil olunub. Tədbirdə BMT-də akkreditə olunmuş müxtəlif ölkələrin səfirləri, diplomatlar və təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Tədbir Daimi Nümayəndəliyin müşaviri Vadim Qusmanın moderatorluğu ilə keçirilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev çıxışında bildirib ki, "Suverenlik və Konstitusiya ili" çərçivəsində təşkil olunan sərgi ölkəmizin zəngin mədəni irsini, xüsusilə də xalçaçılıq ənənəsinin dərin tarixi köklərini dünyaya nümayiş etdirir. O vurğulayıb ki, layihə köhnə və yararsız xalçalara yeni nəfəs verməklə həm mədəni irsin qorunmasına, həm də davamlı istehlak və məsuliyyətli yanaşma kimi dəyərlərin təşviqinə xidmət edir. Diplomat qeyd edib ki, sərginin mövzusu BMT-nin əsas prinsiplərindən olan mədəniyyətlərarası dialoq və qarşılıqlı anlayışın gücləndirilməsinə uyğundur. O həmçinin Azərbaycanın UNESCO-nun Dünya İrs Komitəsinə 2025–2029-cu illər üçün seçilməsini xüsusi vurğulayaraq, bu etimada görə üzv dövlətlərə təşəkkürünü ifadə edib. Sərginin müəllifi, rəssam Sona Quliyeva çıxışında deyib ki, sərgidə nümayiş etdirilən 20-dən çox əsərdə 1980-2000-ci illərə aid ənənəvi xalça toxuculuğu müasir bədii yanaşma ilə birləşdirilərək tamamilə yeni vizual dəyər yaradılıb. Layihə həmçinin təkrar emal, yenilənmə və şəhər mədəniyyətinin zənginləşdirilməsi prinsiplərini irəli sürərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir. Rəssam layihənin həyata keçirilməsində dəstəyə görə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinə və "Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədova təşəkkürünü bildirib. Sərgidə BMT Baş Assambleyasının zalında üzərində "Azerbaycan" yazısı olan kürsünün təsvir edildiyi xalça böyük marağa səbəb olub. Həmçinin üzərində nar, tar musiqi aləti, Azərbaycanın ərazi bütövlüyünü əks etdirən xəritə və milli geyimli Azərbaycan qadını təsvir edilən xalça kompozisiyaları qonaqlar tərəfindən maraqla qarşılanıb. İştirakçılar sərgi əsərlərinin qarşısında xatirə şəkilləri çəkdiriblər. Noyabr ayının 28-nə kimi davam edəcək sərgi Azərbaycanın xalça irsi ilə müasir incəsənətin sintezini beynəlxalq auditoriyaya təqdim etməyi hədəfləyir. Geri qayıt |