Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ədliyyə Nazirliyinin səlahiyyəti artrıldı – Bələdiyyələrə nəzarətlə bağlı
Ədliyyə Nazirliyinin səlahiyyəti artrıldı – Bələdiyyələrə nəzarətlə bağlı20-02-2020, 20:39 |
Ədliyyə Nazirliyinin Kollegiyası “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da dəyişiklik edib. Bu Təlimat Bələdiyyələrlə iş mərkəzinin, regional ədliyyə idarələrinin və öz səlahiyyətləri daxilində Qanunvericilik baş idarəsinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı vəzifələrinin icrası qaydalarını müəyyən edir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunda nəzərdə tutulmuş bələdiyyə aktlarının bir surəti qəbul edildiyi andan 15 gündən gec olmayaraq Ədliyyə Nazirliyinə mütləq təqdim olunmalıdır. Daxil olan bələdiyyə aktı kargüzarlıq xidmətində müvafiq kitabda və elektron daşıyıcıda qeydiyyata alınır. Bələdiyyə aktları Bakı şəhəri üzrə Bələdiyyələrlə iş mərkəzinə, regionlar üzrə regional ədliyyə idarələrinə təqdim edilməlidir. İndiyə qədər bələdiyyələrlə iş mərkəzi və regionlar üzrə regional ədliyyə idarələri bələdiyyə aktı Konstitusiyaya və qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olduqda, aktın qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə onu qəbul etmiş bələdiyyəyə müraciət göndərib. Dəyişikliyə əsasən, bələdiyyəyə müraciət göndərilməsi üçün 5 günlük zaman müəyyən edilib. Başqa sözlə, bələdiyyə aktı Konstitusiyaya və qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olduqda, aktın qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində onu qəbul etmiş bələdiyyəyə müraciət göndəriləcək. Əgər indiyə qədər müraciətdə qeyd olunanların bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş 5 iş günü ərzində yerinə yetirilməsi nəzarətdə saxlanılmalı idisə, bundan sonra bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verməlidir. Bələdiyyə tərəfindən ziddiyyətin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi proseduru da bu müddətə uyğunlaşdırılıb. Başqa sözlə, göstərilən ziddiyyət məhz müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda Mərkəz və ya İdarə tərəfindən müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 gün ərzində iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndəriləcək və bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılacaq. İndiyə qədər bələdiyyələrlə iş mərkəzi və regionlar üzrə regional ədliyyə idarələri tərəfindən bələdiyyə aktlarında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə bələdiyyəyə tövsiyə məktubu göndərilib. Zaman məhdudiyyəti ilə bağlı artıq bu müddə da ləğv edilib. Bundan sonra bələdiyyə aktlarında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə bələdiyyəyə tövsiyə məktubu da göndərilməyəcək. Beləliklə, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti 5 iş günü müddətində bələdiyyə tərəfindən təmin edilmədikdə, iddia ərizəsi hazırlanaraq müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 gün ərzində aidiyyəti məhkəməyə müraciət olunacaq və bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılacaq. Şəffaflıq.az Geri qayıt |