Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bakıda parkinq qiymətləri dəyişəcək - Ödənişsiz park yerləri isə...

Bakıda parkinq qiymətləri dəyişəcək - Ödənişsiz park yerləri isə...


19-02-2020, 22:44

 

Xəbər verdiyimiz kimi, dünən BNA sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda olarkən Bakıdakı parkinq problemi gündəmə gəlib. Prezident Bakıda tıxacların olmaması üçün normal parkinq imkanlarının yaradılmasının vacibliyindən danışıb. Vüsal Kərimli isə bildirib ki, parkinqə görə şəhər zonalara bölünəcək, həmçinin müxtəlif saatlara görə tariflər müəyyənləşəcək.

Bəs parkinq xidmətinin hansı qiymət aralığında olacağı gözlənilir?

Şəffaflıq.az "Yeni Sabah"a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov qeyd edib ki, tıxacların əsas səbəblərindən biri küçələrdən parkinq yeri kimi istifadə olunmasıdır:

"Aidiyyatı orqanlar şəhərin zonalara bölünməsi və müxtəlif tariflər müəyyən edilməsi ilə bağlı təcrübənin ölkəmiz üçün nə dərəcədə səmərəli olacağını köklü şəkildə araşdırmalıdır. Məsələ burasındadır ki, bizdə qeyri-qanuni park etmə halları, sürücülərin dayanma-durma hallarının pozmaları istənilən halda küçələrdə tıxacın yaranmasına və ya nəqliyyat vasitələrinin sıxlığına səbəb olur. Bir neçə küçəyə nəzər salsaq, görərik ki, bu yolların potensialı o qədər yüksək deyil ki, yolun sağ və sol tərəflərində maşınları saxlamaq olsun və bu da tıxaca gətirib çıxarmasın. Məsələn, Azadlıq prospektindən üzü 28 may metro stansiyasına olan yol 2 və 3 zolaqlıdır. Amma əksər hallarda onun şahidi oluruq ki, yolun sağında və solunda avtomobillər saxlanıldığı üçün sürücülər yalnız bir zolaqla hərəkət etməyə imkan tapırlar. Bu baxımdan qeyri-qanuni parkinq məsələləri ilə mübarizə şəhərdə mövcud olan tıxac problemini həll edəcək vasitədir. Parkinq yerləri olmalıdır. İnsanlar bu imkandan faydalanmalıdır. Yol infrastrukturunun imkan verdiyi yerlərdə yolun bir zolağı park yerləri üçün ayrıla bilər".

Ekspertin sözlərinə görə, tıxacların qarşısını almaq üçün mütləq ödənişsiz park yerləri də müəyyən edilməlidir:

"Bu o demək deyil ki, hər yerdə parkinq yerləri quraşdırılmalı və bu yerlər ödənişli olmalıdır. Vətəndaşlara ödəniş etmədən də avtomobillərini saxlaya biləcəkləri parkinq yerləri yaradılmalıdır. Bu təcrübə beynəlxalq praktikaya əsaslanır. Əgər dünyanın inkişaf etmiş ölkələrində bu təcrübəyə diqqət yetirsəniz, mərkəzi yerlərdə nəqliyyat vasitələrinin sıxlığının azaldığını görəcəksiniz".

O, müəyyənləşəcək qiymətlərlə bağlı təxminlərini də dilə gətirib:

"Əvvəllər yarım saat üçün ödəniş 50 qəpik idi ki, bu da hardasa bizim sürücülərimizin maraqlarına cavab verirdi. Lakin bizim əsas məqsədimiz odur ki, bir ünvanda uzun müddət parkinq olunmuş avtomobil üçün ödəniş məbləği azalsın. Düşünürəm ki, belə güzəştlər də tətbiq olunmalıdır".
Geri qayıt