Əsas Səhifə > SİYASƏT > Monteneqro Ombudsmanı Podqoritsada Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məsələni nəzarətə götürüb

Monteneqro Ombudsmanı Podqoritsada Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məsələni nəzarətə götürüb


Dünən, 12:43


Monteneqro insan hüquqları və azadlıqları müdafiəçisi (Ombudsman) Sinişa Bjekoviç Podqoritsada Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məsələni nəzarətə götürüb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Monteneqro Ombudsmanı Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.

O, məktubunda məsələnin nəzarətə götürülərək bununla bağlı Monteneqronun Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını qeyd edib.

S.Bjekoviç həmçinin məktubunda etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Hadisə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub.

Şəffaflıq.az


Geri qayıt