Əsas Səhifə > Mədəniyyət > "Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan edilib

"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan edilib


Bu gün, 15:49


Azərbaycan musiqi mədəniyyətinin banisi, böyük bəstəkar, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında "Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqənin məqsədi nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, eyni zamanda cəmiyyətdə təhsilverənin nüfuzunun artırılmasıdır.

Müsabiqədə nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəb və mərkəzlərində əsas və ya əlavə iş yeri üzrə çalışan müəllimlər iştirak edə bilər.

Müsabiqə iki mərhələdən ibarətdir:

- Sənədlərin ekspertizası və ən yüksək bal toplayan namizədlərin seçilməsi;

- İxtisas üzrə 10–15 dəqiqəlik açıq dərsin videoyazısının təqdimatı və mütəxəssis qiymətləndirməsi.

Yekunda 25 qalib seçiləcək:

- Klassik musiqi ifaçılığı – 9

- Milli musiqi ifaçılığı – 9

- Musiqişünaslıq – 2

- Xor dirijorluğu – 2

- Təsviri sənət – 2

- Xoreoqrafiya – 1

Hər bir mükafat qalibi 1 000 manat pul mükafatı və diplomla təltif ediləcək.

İştirak üçün əsas şərtlər aşağıdakılardır:

- ən azı 3 il pedaqoji iş stajı

- yüksək nəzəri və praktiki hazırlıq

- şagirdlərin son 2 ildə əldə etdiyi uğurlar

- şəxsi yaradıcılıq və peşəkar nailiyyətlər

- ustad dərsləri və təlimlərdə çıxış və tədris fəaliyyəti

- mədəniyyət sahəsində ictimai fəallıq

- Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı üzvlüyü.

Tələb olunan sənədlər:

- təqdimat məktubu

- tərcümeyi-hal

- xasiyyətnamə

- şəxsiyyət və təhsil sənədlərinin surətləri

- şagird və müəllimin nailiyyətlərini təsdiq edən sənədlər

- təlim və ustad dərslərində iştirakı təsdiq edən sənədlər

- ictimai fəallığı təsdiq edən materiallar

Şəffaflıq.az


Geri qayıt