Əsas Səhifə > MALİYYƏ > Azərbaycan yaxın 2 ildə 10 günəş və külək elektrik stansiyası istismara verə bilər
Azərbaycan yaxın 2 ildə 10 günəş və külək elektrik stansiyası istismara verə bilərBu gün, 10:46 |
Azərbaycanda növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi planlaşdırılır. Şəffaflıq.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb. Məlumata görə, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən və ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələr nəticəsində bərpaolunan enerji mənbələrinin ümumi enerji istehsalında payının 2027-ci ildə 33,7 %-ə, 2030-cu ildə isə 38 %-ə çatdırılması nəzərdə tutulur. Bununla da, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payının 33,7 %-ə, 2030-cu ildə 38 %-ə və 2035-ci ildə isə 42,5 %-ə çatması planlaşdırılır. Enerji sektorunda bərpa olunan enerji mənbələrinin payının artırılması dövlətin əsas prioritetlərindən biridir. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin 30 %-nin bərpa olunan mənbələrdən təmin olunmasını hədəfləyərək, günəş, külək, hidro və bioenerji sahələrində "yaşıl artım" modelinin inkişafına xüsusi önəm verir. Bu məqsədlə qlobal və regional əməkdaşlıqlar əməkdaşlıq daha da gücləndirilib. Son illərdə Azərbaycanda bərpa olunan enerji istehsalının dinamikasına əsasən, bərpa olunan enerjinin ümumi istehsalında ən böyük payı ardıcıl olaraq su elektrik stansiyaları (SES) tutur. Eyni zamanda, UNEP-in dəstəyi ilə 2024–2025-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi iqlim üzrə monitorinq, hesabatlılıq və yoxlama (MRV) sistemlərinin hazırlanmasına və tətbiqinə başlayıb. Bu sistemlər ölkənin iqlim fəaliyyəti üzrə məlumatların beynəlxalq standartlara uyğun izlənməsinə şərait yaradacaq. Beləliklə, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirdiyi mitiqasiya tədbirləri həm milli enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də beynəlxalq iqlim öhdəliklərinin yerinə yetirilməsinə xidmət edir. Bu tədbirlər nəticəsində ölkənin "yaşıl artım" modeli üzrə inkişafı sürətləndiriləcək və uzunmüddətli dayanıqlı iqtisadi transformasiya təmin olunacaq. Geri qayıt |