Əsas Səhifə > MILLI MƏCLİS > Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyi ilk oxunuşda qəbul edilib
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyi ilk oxunuşda qəbul edilibDünən, 15:24 |
Milli Məclis yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyini ilk oxunuşda qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bu, parlamentin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik layihəsində öz əksini tapıb. Layihəyə əsasən, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri istisnadır. İclasda qeyd olunub ki, son illərdə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində kompleks tədbirlər icra olunur, o cümlədən normativ hüquqi bazanın təkmiləşdirilməsi həyata keçirilir. Qanun layihəsi həmin məqsədlərdən irəli gələrək yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburiliyini təsbit edir, eyni zamanda pasportlaşdırılmanın məcburiliyi istisna olunan bina kateqoriyalarını müəyyən edir. Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra binalar üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq. Qüvvədə olan Qanunun 17.1.2-ci maddəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb və həmin qaydaları Nazirlər Kabineti təsdiq edəcək. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Geri qayıt |