Əsas Səhifə > Gündəm > “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlıq” və Bakı Beynəlxalq Konfransı

“Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlıq” və Bakı Beynəlxalq Konfransı


11-02-2020, 14:22

 

Ötən il ənənəvi şəkildə Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ABŞ-ın ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri, Kabarda-Balkar Respublikasının müftisi, İmam Əbu-Hənifə adına Şimali Qafqaz Universitetinin rektoru, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu mötəbər tədbirdə bildirilib ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi dinlə bağlı siyasətin lap başdan sağlam, düzgün istiqamətdə qurulmasıdır. Dövlət siyasətinin tərkib hissəsi olaraq, ölkəmizdə din sahəsində sabitlik əldə edilib, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və daha yüksək səviyyədə inkişafı istiqamətində böyük işlər görülüb, dini icmaların və ibadət ocaqlarının fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılıb.

Dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoq prioritet siyasət deməkdir

Bakı konfransında qeyd olunub ki, əgər müstəqilliyimizin ilk illərində ölkəmiz dinlər, mədəniyyətlər, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada beynəlxalq təhlükəsizliyə ciddi təhdid olan dini və etnik zəmində baş verən qarşıdurmaların qarşısının alınmasında öz əməli fəaliyyəti ilə hərəkətverici qüvvəyə çevrilib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu addımların dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən qlobal xoşməramlı çağırış olduğunu qeyd edib. O, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə yüksək səviyyəli beynəlxalq konfranslar təşkil olunmuşdur. Bu cür konfransların davam etdirilməsi məqsədilə ölkə prezidentinin tapşırığı ilə QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi yaradılıb. Azərbaycanın nümunəvi dövlət-din modelinə malik olması və həmin Mərkəzin xətti ilə indiyədək təşkil edilən beynəlxalq konfransların davamıdır.

Konfransda çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Dövlət-din münasibətləri yüksək səviyyədə davam və inkişaf etdirilir. Azərbaycan bir dövlət kimi,  dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı prosesi”nin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib”,- deyə QMİ sədri vurğulayıb. Dövlətimiz qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına və dinc birgəyaşayış amallarına xidmət edir. Müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə — məscidlərlə yanaşı xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi məkandır. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bütün bu uğurlarımıza rəvac verən məqamlardandır.

Dialoq yolu ilə böyük uğurlara doğru

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer bildirib ki, Azərbaycan dinlərarası və məzhəblərarası münasibətlərə görə bütün dövlətlərə nümunə ola bilər. Burada multikulturalizmin ən gözəl forması mövcuddur. Azərbaycanda yüz illər ərzində tolerantlıq, dini dözümlülük formalaşıb. O, ölkəmizin bu sahədə xüsusi seçildiyini və bütün dini konfessiya nümayəndələrinə göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan prezidenti bu münasibətlərin qorunub saxlanılması üçün bütün səyləri göstərir. Bugünkü konfrans Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmaları arasında əlaqələrin qurulması və gələcək əməkdaşlığın daha da dərinləşməsi baxımından olduqca əhəmiyyətlidir. M.Şnayer Azərbaycanın multikultural və tolerantlıq sahəsindəki modelinin dünya ölkələri sırasında öncül yer tutduğunu vurğulayıb.

Konfransda ölkəmizin dövlət-din münasibətləri sahəsində qazandığı uğurlardan danışılıb. Bildirilib ki, bu, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığı tanınır və qorunur. Hər kəs qanun qarşısında bərabərdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Belə ki, ölkəmizdə dini icmalara maliyyə yardımı göstərilir, məscidlər, kilsələr, sinaqoqlar təmir edilir.

“İqls Vinqs” təşkilatının qurucusu və rəhbəri yepiskop Robert Störns ölkəmizin dinlərarası əməkdaşlığa töhfələri barədə danışıb. O, “İslam Həmrəyliyi İli” münasibətilə keçirilmiş tərbirlərə qatılarkən, Azərbaycanın unikal rolunun bir daha şahidi olduğunu bildirib. Azərbaycandakı dinlərarası harmoniyaya diqqət çəkən R.Störns ölkəmizdə bütün dini bayramların xüsusi təmtəraqla qeyd edilməsi, Azərbaycanın tolerantlığa nümunə olması və ölkə Prezidentinin bu prinsiplərə sadiqliyini hər zaman nümayiş etdirməsinin əhəmiyyətinə toxunub.

Konfransda əksər əksər çıxışçılar qeyd etdilər ki, Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir. Dini etiqad azadlığı həm təbii, həm də konstitusiya ilə tənzimlənən yeganə hüquqdur. İnsan hüquqları arasında ilk dini etiqad azadlığıdır. Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır. Nəinki Azərbaycanda, eləcə də ölkə sərhədlərindən kənarda dini ocaqlar dövlətimiz tərəfindən təmir edilib istifadəyə verilir. Bu məsələ birbaşa dövlətimizin başçısının diqqətindədir.

Milli Məclisinin deputatı Mixail Zabelin vurğulayıb ki, Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif millətlərin nümayəndələri öz ana dilində təhsil almaq hüququna malikdir. Azərbaycanda müxtəlif din və dillərin nümayəndələrinə qayğı və həssas münasibət bəslənir. Milli Məclisin deputatı, mərhum Yevda Abramov isə qeyd edib ki, bu gün xalqların dini və sivilizasiyalararası dialoqa böyük ehtiyacı var. Azərbaycanda tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub-saxlanılmasına həmişə xüsusi diqqət yetirilib. O, konfrans iştirakçılarının Azərbaycan həqiqətlərinin, tolerantlıq mühitinin təbliğatçılarına çevriləcəyinə əminliyini ifadə edib.  Kabarda-Balkar Respublikasının müftisi Həzrətəli Casayev çıxışında Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorizm, separatçılıq, münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir dövrdə  Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modelinə və mədəniyyətlərarası dialoqa ciddi ehtiyac olduğunu önə çəkib. O bildirib ki, Azərbaycandakı tolerant mühit müdrik siyasətin nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Dünyanın digər dini liderləri də Azərbaycanın örnək dövlətə çevrildiyini etiraf etdirlər

Konfransın Braziliya, BƏƏ, ABŞ-dan gələn iştirakçıları Teofilo Key Hayaşi Marcelino, Benjamin Riçard, Adam Daniel Mesa çıxış edərək ölkəmizdəki multikultural dəyərlərdən, mövcud olan dinlərarası harmoniya və qarşılıqlı etimad mühiti sahəsində əldə edilən nailiyyətlərdən bəhs edərək bildiriblər ki, Azərbaycanda dini durum münbit şəraitə və dinlərarası qarşılıqlı ehtiram ruhuna malikdir. Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, Gürcü yəhudilərinin Bakı dini icmasının sədri Abiq Çaruxçev, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının pastoru Samir Sadıqov, Xilaskar Yevangelist Lüteranlarının Bakı dini icmasının sədri Vera Nesterova, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sədri Rasim Xəlilov çıxışlarında Azərbaycanda bütün dini konfessiya nümayəndələrinə yaradılan bərabərhüquqlu şəraitdən, dini sahəyə göstərilən dövlət qayğısından bəhs ediblər. Onlar Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsindəki təcrübəsinin bütün dünyada təbliğ və təşviq edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sülh, əməkdaşlıq naminə bir araya gələn ölkələr və dinlər arasında ünsiyyət platformasının daha da dərinləşdirilməsi istiqamətində müzakirələrlə başa çatan konfransdan sonra yerli və beynəlxalq mətbuat nümayəndələri üçün brifinq keçirilib, jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Şəffaflıq.az


Geri qayıt