Əsas Səhifə > İqtisadiyyat > Vergilər Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib
Vergilər Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib11-01-2019, 23:18 |
Vergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib. Şəffaflıq.az Vergilər Nazirliyinə istinadla xəbər verir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb. Bu, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergiödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış daha bir addımdır. Yeni elektron xidmət İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) portalı üzərindən göstərilir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması vergiödəyicilərinin işini xeyli asanlaşdıracaq. Bu yenilik vergiödəyicilərinə "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə qaytarılması barədə" və "Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında" (DTA-05 forması) ərizə formalarını elektron qaydada tərtib etmək və təsdiqləmək imkanı yaradır. Xatırladaq ki, dövlət başçısının 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması nəzərdə tutulur. Nazirlər Kabinetinin 2018-ci il 30 aprel tarixli 190 nömrəli Qərarı ilə "Elektron xidmət növlərinin Siyahısı"na "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergiödəyicisinə qaytarılması məqsədilə müraciətin təqdim edilməsi" məzmununda bənd əlavə edilmişdi. Yeni xidmət bu qərara uyğun olaraq vergiödəyicilərinin istifadəsinə verilib. Geri qayıt |