Əsas Səhifə > Kriminal > Daha bir çeçen müxalifətçinin öldürülməsi Qərbdə qəzəb doğurdu
Daha bir çeçen müxalifətçinin öldürülməsi Qərbdə qəzəb doğurdu5-02-2020, 21:44 |
Avropa mediası Ramzan Kadırovun xaricdə rəqiblərini aradan götürməklə qorxu siyasətini davam etdirdiyini yazır Ramzan Kadırov rejiminə qarşı mövqeyi ilə tanınan çeçen bloggeri İmran Əliyev Fransanın Lill şəhərindəki otellərdən birində bıçaq zərbəsi ilə öldürülüb. “Le Parisien” qəzetinin məlumatına görə, onun cəsədi şəhərin mərkəzində, Lill-Flandr dəmiryol vağzalının yaxınlığında yerləşən “Coq hardi” adlı mehmanaxanadakı otaqlardan birində tapılıb. Sosial şəbəkələrdə “Mansur Starıy” kimi tanınan həmin şəxsin öldürülən gün eyni millətdən olan bir adamla oteldə görüşdüyü bilinir. Almaniyanın “Süddeutsche Zeitung” qəzeti qətl olayının siyasi motiv və sifariş əsasında törədildiyini yazıb. Jurnalist Zilke Biqalkenin məlumatına görə, İmran Əliyev Putin rejiminə müxalif sayılan bir çox həmvətəni kimi Rusiyadan Belçikaya qaçıb və onun ünvanına daima təhdidlər gəlib. Doğrudur, İmran Əliyevin Youtube bloqunda söylədikləri həmişə Putin rejimi ilə bağlı olmayıb və bəzən o, digər millətlərə, o cümlədən azərbaycanlılara qarşı xoşagəlməz ifadələr işlədib. Xatırlatmaq lazımdır ki, onun ötən ilin fevral ayında azərbaycanlılar haqqında sözləri Moskvada hətta iki millətin nümayəndəri arasında qalmaqal və dava-dalaşa səbəb olmuşdu. Sonradan “Mansur Starıy” buna görə Azərbaycan xalqından üzr istəmişdi. Çeçen jurnalist Musa Taipov öldürülən şəxsi yaxşı tandığını, onun 5 il ərzində “Whatsapp” vasitəsilə əlaqə saxladığını bildirib. M.Taipov İmran Əliyevin çətin, lakin mərd kimi tanıdığını qeyd edib. Qətl barədə ilk dəfə Polşada yaşayan çeçen mühaciri Tumso Əbdürəhmanov “Telegram-kanal”da məlumat verib. T.Əbdürəhanov hətta qatilin adını və onun Çeçenistanın hansı kəndindən olduğunu da deyib. Onun sözlərinə görə, bu ilin yanvar ayında qatil öncə İspaniyaya, oradan Berlinə, daha sonra isə Belçikaya gedib. Burada o, öldürəcəyi şəxslə görüşüb bütün bunlar onların əslində bir-birini tanıdığını göstərir. Bir həftə “Mansur Starıy”la eyni evdə qaldıqdan sonra onlar Lillə yola düşüblər. Otel otağında İmran Əluyevə yuxu dərmanı verdikdən sonra qatil onu bıçaq zərbələri ilə öldürüb. Daha sonra elə həmin axşam Berlinə keçən həmin adam başqa şəxslərin köməyi ilə Rusiyaya geri qayıdıb. Musa Taipov İmran Əliyevin xəstəlikdən əziyyət çəkdiyini və buna görə də tez-tez Youtube kanalında əsəbi ifadələr işlətdiyini söyləyib. “Burada əsas məqsəd insanların ürəyinə qorxu saçmaqdır. Istəyirlər ki Çeçenistandakı problemlər haqqında az yazsınlar və danışsınlar. Mühacirlərə hətta Avropada belə özlərini təhlükədə olmadıqlarını göstərmək istəyirlər,-deyə jurnalist qeyd edib. Fransanın “Le Monde” qəzeti isə ötən ilin avqustunda Berlində, açıq parkda Zəlimxan Xanqoşvilinin öldürülməsi hadisəsini xatırladıb və qətlin Rusiyanın xüsusi xidmət orqanlarının əli ilə törədildiyi ilə bağlı versiyalarına yer verib. Şəffaflıq.az Geri qayıt |