Əsas Səhifə > Dünya > Ərdoğan Əsədə bir ay möhlət verdi
Ərdoğan Əsədə bir ay möhlət verdi5-02-2020, 21:33 |
Şəffaflıq.az xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan Bəşər Əsəd qüvvələrinin İdlibdə 8 türk əsgərini şəhid elədiyi hücumdan danışarkən deyib: “Bu hücum Suriyada yeni bir dövrün miladıdır. Türk əsgərinin qanının axıdıldığı bir yerdə heç bir şeyin olduğu kimi qalmasına imkan vermərik. Rejim fevral ayı ərzində nəzarət məntəqələrimizdən geriyə çəkilməzsə, Türkiyə bu işi özü görmək məcburiyyətində qalacaqdır”. O, bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında söyləyib. Ərdoğan deyib: “Əlimizdə daşdan keçən Adana razılaşması var. Lazım gələni edəcəyik. Suriya hökuməti ilə 1998-ci ildə imzaladığımız Adana razılaşması Türkiyəyə lazım gələn zaman Suriya ərazilərində əməliyyat keçirmək hüququ verir. Bu hücum Suriyada yeni bir dövrün başlanğıcıdır. Türk əsgərinin qanının axdığı yerdə heç bir şeyin eyni şəkildə davam eləməsinə izn vermərik. Hər kim “Türkiyənin Suriyada nə işi var?” deyə soruşursa, ya qafildir, ya da bu ölkənin düşmənidir. “İdlibdən nəzarətimiz altındakı bölgələrə və sərhədlərimizə doğru hərəkət edən insanların sayı 1 milyona yaxınlaşıb. Heç kimin bu yükü çiyinlərimizə yükləməyə haqqı yoxdur”. “Putinlə danışıq zamanı rejimin Soçi razılaşmasına uyğun şəkildə bölgəyə çəkilməsini tələb elədim. Rejim özü fevral ayı içərisində geriyə çəkilməzsə, Türkiyə bu işi özü görməyə məcbur olacaqdır”. “Madam İdlib bölgəsində hərbçilərimizin təhlükəsizliyi təmin edilmir, o zaman bunu özümüzün etmək hüququmuza heç kim etiraz edə bilməz. Bunun üçün Türkiyə Silahlı Qüvvələrinin hava və quru qoşunları ehtiyac duyduğumuz hər an sərbəst şəkildə hərəkət edəcəklər, lazım gələndə əməliyyat keçirəcəklər”. Ərdoğan Türkiyənin yol xəritəsindən də danışıb: “Sülh bulağı əməliyyatını sağ-sol və alt istiqamətində davam etdirməkdə tərəddüd eləməyəcəyik. Türkiyənin Suriyadakı təhlükəsizlik ehtiyacları təmin edilənə qədər İdlibdə və digər əməliyyat bölgələrində gedəcəyi yeni yol bu şəkildədir. Adana razılaşması əsasında Suriyada ən çox qalmaq hüququ Türkiyəyə məxsusdur. Türkiyənin daima Suriyada qalmaq niyyəti yoxdur. Nə zaman terror təşkilatları təmizlənsə, o zaman işimiz bitər. Rusiyadan yeganə gözləntimiz Suriyadakı həssaslığımızı daha yaxşı başa düşmələridir”. Geri qayıt |