Əsas Səhifə > SİYASƏT > Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın fəaliyyətini həqiqətən canlandırdı - Pakistanın BMT-dəki səfiri ilə

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın fəaliyyətini həqiqətən canlandırdı - Pakistanın BMT-dəki səfiri ilə


4-07-2025, 13:18


Pakistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) iyul ayı üzrə sədrliyi öz üzərinə götürüb. Bu Pakistanın 15 üzvdən ibarət Şurada səkkizinci üzvlük dövrüdür. İslamabadın 2025-ci ilin yanvarında qeyri-daimi üzv olaraq başladığı ikiillik dövr 2026-cı ilin sonuna qədər davam edəcək.

"Report" Pakistanın BMT-dəki səfiri Asim İftikhar Ahmad ilə eksklüziv müsahibəni təqdim edir:

- Pakistanın iyul ayında BMT TŞ-yə sədrliyi dövründə müzakirəyə təqdim edəcəyi məsələlər və təklifləri nədən ibarətdir?

- Pakistanın BMT TŞ-yə sədrliyi dövründə ay ərzində baş tutan iclasla bağlı hazırlanmış proqram var və bu proqramda Şuranın gündəliyində olan müxtəlif vəziyyətlərlə bağlı bir çox dövri iclaslar qeyd olunub. Bunlar icbari iclaslardır. Bundan başqa, biz əslində iki əsas tədbir təklif etmişik. Onlardan biri 22 iyul tarixindədir və bu, çoxtərəfliliyi və münaqişələrin sülh yolu ilə həllini beynəlxalq sülh və təhlükəsizliyin təşviqi üçün necə istifadə edə biləcəyimiz haqqındadır. Digəri isə 24 iyul tarixindədir. Bu da, beynəlxalq sülh və təhlükəsizliyi fərqli bir kontekstdə necə təşviq edə biləcəyimiz, həmçinin BMT Nizamnaməsinin BMT ilə regional və subregional təşkilatlar arasında əməkdaşlıqdan bəhs edən müddəalarını necə istifadə edə biləcəyimiz haqqındadır.

Bildiyiniz kimi, digər təşkilatlarla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı da (İƏT) mühüm hökumətlərarası, çoxtərəfli təşkilatdır və BMT-dən sonra ən böyüklərindən biridir. Hesab etdik ki, bu dəfə Şura ilə İƏT arasında bu müzakirəni keçirmək yerinə düşərdi. İƏT-in Baş katibinin görüşə qatılmasını və Şuraya məlumat verməsini gözləyirik və düşünürük ki, bu, mühüm müzakirə olacaq. Hesab edirik ki, bu, BMT ilə İƏT arasında əməkdaşlığı gücləndirmək və beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı ortaq məqsədləri necə birlikdə irəlilədə biləcəyimizi görmək üçün yaxşı fürsət olacaq.

– Pakistan ilə Azərbaycanın BMT-də, xüsusilə islamofobiya ilə mübarizə kimi ortaq prioritetlərdə tərəfdaşlığını necə görürsünüz? Həm İslam Əməkdaşlıq Təşkilatı (İƏT), həm də Qoşulmama Hərəkatının (QH) üzvləri kimi, ikitərəfli əlaqələrin gücləndirilməsində çoxtərəfli əməkdaşlıq nə dərəcədə vacibdir?

- Pakistan və Azərbaycan yaxın dostlardır, ölkələrimiz, xalqlarımız arasındakı münasibətlər qeyri-adi dərəcədə güclüdür. Yəni bunu sözlərlə tam izah etmək asan deyil. Bu münasibət hökumətlərarası münasibətlərdən kənara çıxır, ürəkdən-ürəyə bir münasibətdir. Ona görə də ölkələrimiz arasında regional və beynəlxalq müstəvidə ikitərəfli, eləcə də çoxtərəfli geniş əməkdaşlıq mövcuddur.

Baş nazirimiz hazırda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə toplantısında iştirak etmək üçün Azərbaycandadır. İki gün orada qalacaq. Bu göstərir ki, ikitərəfli, regional və çoxtərəfli məsələlərdə necə yaxın işləyirik. Sizin də qeyd etdiyiniz kimi, BMT kontekstində, Nyu-Yorkda, Cenevrədə və başqa yerlərdə çox yaxından işləyirik. Bir çox məsələlər var ki, bu mövzularda birlikdə çalışırıq – islamofobiyadan tutmuş mədəniyyətlər, sivilizasiyalar arasında dialoqun təşviqi, sülh və təhlükəsizliyin güclənməsi, terrorizmlə mübarizə, iqlim və inkişaf məsələlərinə qədər.



Geri qayıt