Şamaxıda 2 fevral – Gənclər Günü ilə əlaqədar fəal gənclərlə görüş keçirilib.
Şəffaflıq.az xəbər verir ki,görüşdə idarə, müəssisə və təşkilatların, ümumtəhsil məktəblərinin, ali və orta ixtisas təhsil müəssisələrinin, gənclər təşkilatlarının, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri, rayonda fəaliyyət göstərən Şamaxı “ASAN xidmət” mərkəzinin və “Gənclərin İnkişafı və Karyera Mərkəzi”nin Şamaxı könüllüləri iştirak ediblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdən əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərimizin həyatımızdakı fəal rolundan danışıb. İcra başçısı bu gün Şamaxıda gənclərin hərtərəfli fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edərək, yeni istifadəyə verilən “ASAN xidmət” mərkəzinin, “Gənclərin İnkişafı və Karyera Mərkəzi”nin könüllülərinin fəaliyyətini qeyd edib, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunmasını gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edərək bildirib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formasıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Natiq əmin olduğunu bildirib ki, Şamaxı gəncləri öz fəaliyyətlərini günün tələbləri səviyyəsində quracaq, bölgənin sosial-iqtisadi, ictimai-mədəni və idman həyatında aparıcı qüvvə olacaq, könüllülük hərəkatının geniş vüsət alması üçün var qüvvələrini əsirgəməyəcəklər.
Gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov rayonda gənclərlə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, əvvəlki illərə nisbətən bu il daha çox tədbirlərin keçiriləcəyini, könüllü gənclərin iştirakı ilə yeni layihələrin icra olunacağını vurğulayıb.
Sonra gənclərin, xüsusən də “ASAN xidmət”in könüllülərinin çıxışları dinlənilib.
Sonda bir qrup fəal gəncə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilib, xatirə şəkli çəkilib.
Tədbirdən sonra könüllü gənclər tərəfindən tənha yaşayan ahıllar ziyarət olunub, evlərində səliqə-səhman, təmizlik işləri aparılıb, onlara ərzaq yardımı verilib.