Əsas Səhifə > BİZNES > Çin səfiri: "Azərbaycanda iqtisadi əməkdaşlığa daha əlverişli şərait yaratmağa hazırıq"

Çin səfiri: "Azərbaycanda iqtisadi əməkdaşlığa daha əlverişli şərait yaratmağa hazırıq"


5-06-2025, 16:11


Çin Azərbaycanla birlikdə iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığı üzrə hökumətlərarası komitə mexanizminin rolundan tam istifadə etməyə və iki tərəfin müəssisələri arasında əməkdaşlıq üçün daha əlverişli şərait yaratmağa hazırdır.

"Şəffaflıq.az" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında bildirib.

Onun sözlərinə görə, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra ikitərəfli əlaqələr hər zaman sağlam və sabit şəkildə inkişaf edib: "Çin və Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığı müsbət inkişaf tendensiyası nümayiş etdirir. Birincisi, ikitərəfli ticarət dövriyyəsi daim artır. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və ikinci ən böyük idxal mənbəyi olub. İkincisi, investisiyalar davamlı olaraq artır. Çinin Azərbaycana investisiyaları 900 milyon ABŞ dollarını keçir, Azərbaycanın Çinə investisiyaları isə təxminən 300 milyon ABŞ dolları təşkil edir. Üçüncüsü, əməkdaşlıq sahələri daim genişlənir. Eyni zamanda, biz görürük ki, regionda mövcud iqtisadi, ticarət və investisiya əməkdaşlığının yaxşılaşdırılması üçün hələ də çoxlu imkanlar var, ikitərəfli ticarət və investisiyaların miqyası daha da genişləndirilməlidir. Maliyyələşdirmə kanallarının daha da genişləndirilməsi və ticarət strukturunun daha da optimallaşdırılması lazımdır".

O qeyd edib ki, Çin Azərbaycanla birlikdə iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığı üzrə hökumətlərarası komitə mexanizminin rolundan tam istifadə etməyə və iki tərəfin müəssisələri arasında əlaqə və əməkdaşlıq üçün daha əlverişli şərait yaratmağa hazırdır: "Quandon əyaləti güclü iqtisadi qüdrətə, zəngin sənaye resurslarına və böyük bazara malikdir. Bu gün əyalətin nümayəndə heyəti və sahibkarlar Azərbaycanın inkişaf strategiyasını, investisiya ehtiyaclarını fəal şəkildə öyrənəcəklər. Bazar imkanları araşdırılır. İki ölkə arasında enerji keçidi, infrastruktur, sənaye istehsalı və texnoloji innovasiyalar kimi müxtəlif sahələrdə mübadilələr və əməkdaşlıq həyata keçirilir. İnanıram ki, bu əlaqə və mübadilə vasitəsilə hər iki tərəf daha çox yüksək keyfiyyətli əməkdaşlıq layihələrinin həyata keçirilməsini təşviq edə biləcək".


Geri qayıt