Əsas Səhifə > Hadisə > Qazaxda 4 nəfərin ölümünə səbəb olan qəzanın ilkin səbələri açıqlanıb - YENİLƏNİB-3
Qazaxda 4 nəfərin ölümünə səbəb olan qəzanın ilkin səbələri açıqlanıb - YENİLƏNİB-35-06-2025, 15:40 |
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Qazaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. İdarədən "Report"a bildirilib ki, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. "Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. Unutmayaq ki, sükan arxasında edilən məsuliyyətsiz bir hərəkət yalnız sürücünün deyil, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını da təhlükə altına qoyur", - məlumatda qeyd olunub. 09:54 Qazax rayonunda 4 nəfərin ölümü ilə nəticələnən avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayonu Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İlkin araşdırmalara əsasən, “BMW” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirmiş və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir. 09:00 Qazaxda yol qəzasında ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 08:18 Qazax rayonunda ağır yol qəzası baş verib. "Şəffaflıq.az"-un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, BMW markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən ölüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |