Əsas Səhifə > SON XƏBƏR > “AzərEnerji” 2030-cu ilə qədər şəbəkəyə qoşulacaq güclərin həcmini açıqlayıb
“AzərEnerji” 2030-cu ilə qədər şəbəkəyə qoşulacaq güclərin həcmini açıqlayıb4-06-2025, 17:17 |
Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə layihələrin qoyuluş gücü artır. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qlobal istiləşmənin qarşısının alınması, karbon emissiyalarının azaldılması və enerjisisteminə bərpa olunan enerji mənbələrinin (BOEM) inteqrasiyası məqsədilə “yaşıl enerji”yə transformasiya prosesini intensiv şəkildə davam etdirir: "2023-cü il oktyabrın 26-da gücü 230 MVt olan “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) şəbəkəyə qoşulub. İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 270 MVt olan Kiçik Su Elektrik Stansiyaları (KSES) istismara verilib". O qeyd edib ki, tikintisi davam edən və yaxın illərdə şəbəkəyə qoşulacaq layihələr də var: "BP şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə GES-in 2025-ci ilin ikinci yarısında şəbəkəyə qoşulması nəzərdə tutulur. "ACWA Power" şirkətinin həyata keçirdiyi 240 MVt gücündə Külək Elektrik Stansiyası (KES) 2025-ci ilin birinci yarısında istismara veriləcək. MEQA layihə çərçivəsində “Masdar” şirkəti tərəfindən ümumi gücü 1 QVt olan 2 günəş və 1 külək elektrik stansiyası 2026-cı ilin birinci yarısından etibarən şəbəkəyə qoşulacaq”. Y. Qarayev bildirib ki, bu il iki 125 MVt/250 MVtsaatlıq enerji yığım sistemi (BESS) – ümumilikdə 260 MVt/500 MVtsaat – şəbəkəyə inteqrasiya ediləcək: “Enerso Cəbrayıl” MMC və “Clean Energy Cəbrayıl” MMC tərəfindən inşa ediləcək 50+50 MVt-lıq GES-lərin 2027-ci ildə şəbəkəyə qoşulması planlaşdırılır". O, çıxışı zamanı bərpa olunan enerji sahəsində perspektiv layihələrdən də bəhs edib: "BOEM üzrə hərrac layihəsi çərçivəsində 100 MVt gücündə GES-in 2026-cı ildə şəbəkəyə qoşulması nəzərdə tutulur. Çin şirkəti “China Gezhouba” tərəfindən Füzuli rayonunda inşa ediləcək 160 MVt-lıq GES-in 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında KSES-lərin ümumi gücünün 471 MVt-a qədər artırılması gözlənilir”. Y. Qarayev qeyd edib ki, bu layihələr Azərbaycanın təbii resurslarından səmərəli istifadəsinə, “yaşıl enerji”yə keçidin sürətləndirilməsinə və ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcək. Geri qayıt |