Əsas Səhifə > SON XƏBƏR > Nazir müavini: “Daha təmiz və “yaşıl enerji”yə keçid ağıllı və çevik sistem tələb edir”
Nazir müavini: “Daha təmiz və “yaşıl enerji”yə keçid ağıllı və çevik sistem tələb edir”4-06-2025, 14:46 |
Daha təmiz və “yaşıl enerji” mənbələrinə keçid daha ağıllı və çevik bir sistem tələb edir. "Şəffaflıq.az" xəbər verir ki, bunu Azərbaycannın energetika nazirinin müavini Kamal Abbasov 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib. Onun sözlərinə görə, təbii qaz hasilatını artırmaqla, ixrac infrastrukturunu genişləndirməklə və tərəfdaş ölkələrin enerji ehtiyaclarını dəstəkləməklə Azərbaycan etibarlı enerji təchizatçısı olmaqda davam edir: “Dünyada baş verən son hadisələr sabit və etibarlı enerji təchizatının nə qədər vacib olduğunu göstərib. Eyni zamanda, ölkələr daha təmiz və “yaşıl enerji” mənbələrinə doğru irəliləməyə çalışırlar. Bu məqsədlərin hər ikisinə eyni vaxtda çatmaq asan deyil. Bu, daha ağıllı və çevik bir sistem tələb edir. Bu elə bir sistem olmalıdır ki, həm enerji təhlükəsizliyini qoruya bilsin, həm də dünyanın aşağı karbonlu gələcəyə keçidinə kömək etsin". O qeyd edib ki, təbii qaz təkcə enerji mənbəyi kimi deyil, həm də həyatın bir çox digər sahələrində əsas rol oynayır: "Ən vacib nümunələrdən biri gübrələrin istehsalıdır. Bu gübrələr milyonlarla insanı qidalandıran ərzağın yetişdirilməsinə kömək edir. Bu yolla təbii qaz qlobal əhalinin artması ilə daha da vacib hala gələn ərzaq təhlükəsizliyini dəstəkləyir. Qaz həmçinin metanol istehsalında istifadə olunur və bu da kimya, plastik və hətta təmiz yanacaq daxil olmaqla bir çox sənaye sahələrində lazımdır. Beləliklə, qazın dəyərindən danışarkən, onun təsirinin elektrik və istilikdən çox daha geniş olduğunu xatırlamalıyıq". Nazir müavini söyləyib ki, təbii qaz ilə bağlı layihələr çətin, bahalıdır və onların tamamlanması üçün çox illər tələb olunur: "Bu böyük miqyaslı səylər bütün tərəflərdən - istehsalçılar, daşıyıcılar və istehlakçılardan sabitlik və inam tələb edir. Azərbaycanın təcrübəsi belə tərəfdaşlıqların davamlı uğur gətirə biləcəyinin güclü nümunəsidir. “Şahdəniz” yatağı və Cənub Qaz Dəhlizi diqqətli planlaşdırma və böyük investisiyalara imkan verən 25 illik uzunmüddətli öhdəliklər sayəsində mümkün olub. Bu gün bu layihələr Avropa ölkələrinə etibarlı qaz təchizatını təmin edir. Bu təcrübə həm də həm düzgün resursların, həm də düzgün strategiyanın olmasının vacibliyini göstərir. Azərbaycan artan qaz potensialı ilə bunu inkişaf etdirməyə davam edir". Geri qayıt |