Əsas Səhifə > MALİYYƏ > Vüqar Gülməmmədov: "PHŞ-lər ötən il 9 milyard manatdan çox vəsait icra edib"

Vüqar Gülməmmədov: "PHŞ-lər ötən il 9 milyard manatdan çox vəsait icra edib"


3-06-2025, 12:28


2024-cü ildə Azərbaycandakı publik hüquqi şəxslər (PHŞ) dövlət sifarişi ilə yanaşı, dövlət büdcəsinin ayrı-ayrı istiqamətləri üzrə ümumilikdə təxminən 9 milyard manatdan çox vəsait icra edib.

Şəffaflıq.az  xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

"Bu məbləğə dövlət əsaslı vəsait qoyuluşunun, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının və bərpasının, ehtiyat fondlarının, dövlət sifarişi ilə bağlı olmayan digər istiqamətlərin xərcləri də daxil edilib. PHŞ-lər üzrə sifariş mexanizmlərinin təkmilləşdirilməsini, o cümlədən vəsaitin icrasının xəzinədarlığın müşayiəti ilə həyata keçirilməsinin zəruritini bir daha bildiririk. Bununla bərabər, hesabat ilində təxminən 8 milyon manat büdcə krediti, 500 milyon manat dövlət subsidiyası və ssudalar verilib. Hesab edirik ki, büdcə mexanizmlərini təfsilatlı tənzimlənməyə imkan verən Qaydaların - prosedur və ya meyarları özündə əks etdirən tənzimlənmənin hazırlanması maliyyə nəzarəti baxımından çox əhəmiyyətlidir", - deyə o qeyd edib.

Bundan başqa, sədrin sözlərinə görə, ötən il ölkə üzrə ümumilikdə 19 602 sayda 9 milyard 845 milyon manat məbləğində satınalma baş tutub ki, bu da 2023-cü illə müqayisədə məbləğ baxımından 30,5 %, say baxımından isə 57 % çoxdur: "Dövlət satınalmaları ilə əhatə edilmiş məbləğin artımına yeni qanunda satınalma predmetinin maliyyə vəsaiti hesabına əldə edilməsinin təsbit olunması və ehtimal olunan qiymətin minimum məbləği 5 min manatdan aşağı olan- şərti ortalama məbləği 2 758 manat və sayı 1 849 olan “kiçik müqavilələr” də təsir edib".


Geri qayıt