Əsas Səhifə > MALİYYƏ > Komitə sədri: "Ötən il cari büdcə xərclərinin 90 %-i qeyri-neft-qaz sektorunun hesabına qarşılanıb"
Komitə sədri: "Ötən il cari büdcə xərclərinin 90 %-i qeyri-neft-qaz sektorunun hesabına qarşılanıb"3-06-2025, 11:45 |
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin cari xərclərinin 90,1 %-i qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib. "Komitə iclasında hörmətli maliyyə naziri bu rəqəmin 100 %-ə çatdırılmasını perspektiv hədəflərdən biri kimi qeyd edib", - deyə o əlavə edib. Deputat xatırladıb ki, ötən ilin dövlət büdcəsi dürüstləşdirilmiş büdcə olub: "2024-cü il iyun ayında büdcəyə yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 % və yaxud 3 milyard manata yaxın artırılıb. Büdcə dəyişikliyini proqnozdan artıq vergi daxilolmaları və artan maliyyə ehtiyacları şərtləndirib. Ötən ilin maliyyə sənədi həm də artan büdcə kimi xarakterizə olunur. Belə ki, o həm proqnoza, həm də əvvəlki ilə nisbətən artıb. Ümumiyyətlə, son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir. Müqayisə üçün qeyd edək ki, 2020-2024-cü illəri əhatə edən son 5 ildə büdcə xərcləri 11,3 milyard manat və yaxud 43 % artıb. Sosial və investisiya yönümlü xərclərin uzlaşdırılması və bir-birini tamamlaması icra edilmiş büdcənin əsas cəhətlərindəndir. Büdcə məxaricinin 56,6 %-nin cari, 40 %-nin isə əsaslı xərclərdən ibarət olması bunu bir daha təsdiq edir". Geri qayıt |