Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda hibrid avtomobillər istehsal edilə bilər
Azərbaycanda hibrid avtomobillər istehsal edilə bilər23-01-2020, 09:05 |
Ekspert: “Ciddi istehsal sahəsi yaradıb, ildə ən azı 10 min hibrid, elektrik avtomobil istehsal edən zavod qurmalıyıq”Azərbaycanda və dünyada hazırda hibrid avtomobillərə maraq sürətlə artır. Bu avtomobillərin yanacağa qənaət etməsi, ekologiya və ətraf mühiti digər avtomobillərlə müqayisədə az çirkləndirməsi həm sürücülərə həm də dövlətlərə sərf edir. Ona görə də bir çox ölkələr, artıq hibrid avtomobillərin istehsalına da başlayıb. Azərbaycanda da avtomobil zavodları mövcuddur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu il ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 315,5 mln. manatlıq məhsul istehsal edilib. Bu il əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 17,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7% azalıb. Belə ki, dövr ərzində 905 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 30,5% azdır. 2019-cu il ərzində ölkədə 2 360 ədəd minik avtomobili istehsal olunub ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 2,4 dəfə çoxdur. Dövr ərzində ştanqlı quyu nasoslarının istehsalı 65,9%, fəvvarə armaturunun istehsalı 48,5%, mancanaq dəzgahlarının istehsalı 22,1% artıb. Bəs Azərbaycan hibrid avtomobilləri istehsal edə bilərmi? Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirib ki, ölkədə hibrid avtomobillərin istehsalına ehtiyac var: “Gürcüstan artıq bu yolu tutub. Elektrik və hibrid maşınların istehsalı ilə bağlı Çin şirkəti ilə böyük bir müqavilə imzalayıb. Yəni təəssüf ki, qonşularımız bu məsələdə də bizi qabaqlayıblar. Azərbaycanda da avtomobil parkının yenilənməsinə çox ciddi ehtiyac var. Yeni texnologiyaların gətirilməsinə də ehtiyac çoxdur. Ona görə də bu sahədə ixtisaslaşan böyük şirkətlərin Azərbaycana gətirilməsi yaxşı olardı. Azərbaycandakı prosesi ”maşın istehsalı" adlandırmaq olmaz. Çünki maşın istehsalı sayılması üçün ən azı detalların 25 faizi ölkədə istehsal edilməlidir. İndiki vəziyyətdə bu, mümkünsüz görünür. Yəni Azərbaycanda yan istehsal sahələrinin yaradılması real görünmür. Sadəcə olaraq, detalları gətirib, burada yığmaq mümkündür. Bunun üçün ixtisaslaşmış böyük şirkətlərlə əlaqə qurmaq lazımdır. Təəssüf ki, Azərbaycanın əvvəlki təcrübəsi onu göstərir ki, bu sahəyə böyük şirkətlərin ya marağı yoxdur, ya da Azərbaycan bunu cəlb edə bilmir. İndiyə qədər İran şirkətləri ilə müqavilə imzalanıb. Bir dəfə isə Çin şirkəti ilə Naxçıvandakı maşın zavodu üçün müqavilə bağlandı və bu da uğurlu alınmadı. Hibrid avtomobilləri yeni texnologiya olduğu üçün tanınmış şirkətlərin maraqlandırılması lazımdır ki, onların Azərbaycana gəlib istehsal aparmaları üçün yatırımları olsun. Bunun üçün Azərbaycan cəlbedici təkliflərlə çıxış etməlidir. Gürcüstan hökuməti uzunmüddətli vergi güzəştinin tətbiq ediləcəyini, köhnə maşınların Gürcüstan istehsalı olan maşınlarla əvəz edilməsinə dövlət dəstəyinin olacağını açıqladı. Azərbaycan da bu yolu tutarsa, həm avtomobil parkımız yenilənər, həm də daha müasir avtomobillərin yığılmasının şahidi olarıq". Ekspert bildirib ki, bu gün vizual olaraq Azərbaycanda avtoparkın yeni olduğu görünsə də, əslində vəziyyət başqadır: “Regionlarda köhnə avtomobillər həddindən artıq çoxdur. Ümumiyyətlə, Azərbaycanda avtomobil parkının 60 faizdən çoxu istehsal ili 2010-cu ildən aşağı olan avtomobillərdir. Ona görə də avtomobil parkının yenilənməsinə ehtiyac var. Hökumətin təşviq proqramı nəticəsində xarici şirkətlərin cəlb edilməsi mümkün olarsa, təbii ki, həm iqtisadi, həm də ekoloji cəhətdən Azərbaycan üçün faydalı olar. Avtoparkın köhnə olması təkcə ekoloji problem deyil, təhlükəsizliklə bağlı da ciddi problemlər yaradır. Çünki Azərbaycanda ciddi avtomobil qəzaları baş verir və hadisələrin çoxunda ölüm, ciddi yaralanma görürük. Min maşın nisbətində götürəndə, Avropa ilə müqayisədə Azərbaycanda ciddi qəza problemi var. Bu, onu göstərir ki, Azərbaycandakı köhnəlmiş avtopark təhlükəsizlik baxımından da ciddi məsələdir. Avtoparkın yenilənməsi sosial, sağlamlıq məsələsidir. Ona görə də Azərbaycan hökuməti bu sahə ilə bağlı siyasətində yumşalmaya getməlidir. Hibrid və elektron maşınlara ya sıfır səviyyəsində vergi və gömrük rüsumu tətbiq edilməli, ya da xarici şirkətlərlə ciddi istehsal sahəsi yaradıb, ildə ən azı 10 min hibrid, elektrik avtomobil istehsal edən zavod qurmalıyıq. Hökumət iki yoldan birini düşünməlidir. Çünki ildən-ilə avtomobil parkının köhnəlməsi və qiymətlərin də bahalaşması həm də ona dəlalət edir ki, insanlar daha təhlükəsiz avtomobillərə çıxış əldə edə bilmirlər. Əgər belə davam edərsə, ildən-ilə avtomobillərin daha təhlükəli hala gəlməsinin şahidi olacağıq”. Şəffaflıq.az Geri qayıt |