Əsas Səhifə > Dünya > Ölümcül Çin virusuna görə ÜST fövqəladə toplantı çağırdı - DÜNYA MİQYASINDA TƏHLÜKƏ?

Ölümcül Çin virusuna görə ÜST fövqəladə toplantı çağırdı - DÜNYA MİQYASINDA TƏHLÜKƏ?


21-01-2020, 20:43

 

Çin ərazisində yayılmağa başlayan və insandan insana keçdiyi təsdiqlənən yeni koronavirus Rusiya əhalisi üçün bioloji təhdid təşkil edir.

Şəffaflıq.az virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla Rusiyanın səhiyyə nazirinin müavini Sergey Kraevoy çıxış edib.

Dövlət Dumasında çıxış edən nazir müavini bildirib ki, Çində koronavirusun səbəb olduğu infeksiya ölkə əhalisinin məruz qala biləcəyi bioloji təhlükəyə misaldır.

Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç isə “İnterfaks”a bildirib ki, təşkilat Çində yayılan yeni virusu donuz qripi, Ebola qızdırması və poliomielitin yaratdığı təhlükə ilə müqayisə edir. Onun sözlərinə görə, sabah yanvarın 22-də ÜST-nin xüsusi komitəsi həmin virusla bağlı fövqəladə toplantı keçirəcək. Toplantıda virusla bağlı dünya miqyaslı fövqəladə situasiya elan edib-etməmək məsələsi müzakirə olunacaq. Habelə yaranmış vəziyyətdə görüləcək tədbirlər nəzərdən keçiriləcək.

ÜST fəaliyyət göstərdiyi vaxtda indiyədək cəmi beş dəfə dünya miqyaslı  fövqəladə situasiya elan edib: 2009-cu ildə donuz qripinə və poliomelitə görə, 2016-cı ildə Zika virusuna görə, 2014 və 2019-cu illərdə Afrikada Ebola qızdırmasına görə.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Çində yayılan və ikitərəfli sətəlcəmlə müşaiyət olunan ölümcül virusun Azərbaycanda qeydə alınmadığına əhalini əmin edir. Lakin ötən ilin son günlərindən başlayaraq xəstəxanalara virus mənşəli pnevmoniya ilə xəstələrin daxil olması, ölüm halları barədə xəbərlər gəlir. Dövlət Gömrük Komitəsi bildirir ki, Çində yayılan virusa görə ölkənin sərhəd-keçid məntəqələrində xüsusi rejim tətbiq ediləcək.
Geri qayıt