Əsas Səhifə > KARUSEL / Gündəm > Şamaxıda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib .-FOTOLAR

Şamaxıda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib .-FOTOLAR


19-01-2020, 18:14
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutulması insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.
Şəffaflıq.az xəbər verir ki, bu fikirlər Şamaxıda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirində səsləndirilib.
Əvvəlcə yazıçı-publisist Rafiq Səməndərin 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş və təkrar nəşr edilmiş “Şəhidlər” kitabı oxuculara təqdim olunub, məktəblilərin çəkdikləri rəsmlərə baxılıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qanlı Yanvar faciəsinin XX əsr ərzində xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edərək, ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib. Yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xalqımızın silahsız övladlarını vəhşicəsinə qətlə yetirdiyini diqqətə çatdıran icra başçısı bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.
İcra başçısı ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pislədiyini qeyd edib, faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ulu Öndər tərəfindən verildiyini vurğulayıb. O, Azərbaycan tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələri barədə əsl həqiqətlərin Prezident İlham Əliyev tərəfindən beynəlxalq ictimaiyyətə geniş çatdırılması, şəhid ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova çıxışında xalqımızın tarix boyu yadellilərin işğalçılıq siyasətindən çox əziyyət çəkdiyini qeyd edib. O, 20 Yanvarın qəhrəmanlıq və milli mübarizə tariximizin növbəti səhifəsi olduğunu bildirib. Vurğulayıb ki, xalq milli birliyini qoruyaraq müstəqil dövlət qurmaq mübarizəsini davam etdirdi. Şəhidlərimizin ruhu, milli şüurumuz, genetikamız bizdən – hər bir azərbaycanlıdan müstəqil dövlətimizi qorumağı və inkişaf etdirməyi tələb edir.
Qanlı hadisənin şahidi olan yazıçı-publisist Rafiq Səməndər faciənin yaşandığı gün və sonrakı günlərdə qarşılaşdığı hadisələr barədə danışaraq xatirələrini bölüşüb, faciənin əsl mahiyyətini və mənzərəsini diqqətə çatdırıb. O, 20 Yanvar şəhidlərinin azərbaycanlıları daha da birləşdirdiyini, müstəqillik yolunda xalqımızın mübarizə əzmini daha da gücləndirdiyini vurğulayıb.
Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov və Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu, müstəqil Azərbaycanın yaradılmasında əsas bünövrə təşkil etdiyini söyləyiblər.
Sonra Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, professor Əlikram Abdullayev çıxış edərək müstəqillik yolunda digər xalqların da oxşar faciələr yaşadığını, amma 1990-cı ildə Azərbaycanda törədilmiş qırğının daha amansız və genişmiqyaslı olduğunu söyləyib. “Təəssüflər olsun ki, dünyada hələ də ikili standartlar hökm sürür və 20 Yanvar faciəsi barədə bütün həqiqətlər bəşəriyyətə bu gün də geniş açıqlanmır, bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verirlər”, - deyə Ə.Abdullayev bildirib.
Professor qeyd edib ki, 20 yanvarda müstəqillik uğrunda canlarından keçmiş şəhidlərimizin idealı olan müstəqil ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, dünyada öz sözünü deyən güclü dövlətlər sırasında adı çəkilir. İyirmi Yanvar hadisələri xalqımız üçün təkcə böyük faciə deyil, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsidir.AZƏRTAC
 
Geri qayıt