Əsas Səhifə > REGİON > İrakli Kobaxidze: QHT-lərin siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz

İrakli Kobaxidze: QHT-lərin siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz


Dünən, 16:45


QHT-lərin siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz, müxalifət sanksiyalar məsələsində geri çəkilməyə məcbur oldu.

Şəffaflıq.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze qeyri-hökumət təşkilatlarının (QHT) xarici maliyyə mənbələri vasitəsilə ölkənin daxili siyasətinə müdaxilə etmələrinin yolverilməz olduğunu deyib.

O, ABŞ-nin FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun Gürcüstanda analoqunun qəbul edilməsinin alternativsiz olduğunu vurğulayıb.

“ABŞ hökuməti etiraf edib ki, USAID, NED və digər mexanizmlər müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda sabitliyi pozmaq üçün istifadə olunub. Belə şəraitdə QHT-lərin fəaliyyətində tam şəffaflığın təmin edilməsi vacibdir. Onların xarici maliyyələşmə vasitəsilə siyasi müdaxilə alətinə çevrilməsinə yol vermək olmaz”, - Baş nazir qeyd edib.

Kobaxidzenin sözlərinə görə, ölkənin daxili işlərinə xarici təsirlərin qarşısını almaq üçün bu qanunun qəbulu zəruridir.

Gürcüstanın Baş naziri həmçinin müxalifətin ölkəyə sanksiyalar tətbiq olunması ilə bağlı apardığı kampaniyanın nəticəsiz qaldığını bildirib. O, cəmiyyətin bu məsələyə fərqli yanaşması səbəbindən müxalifətin geri addım atmaq məcburiyyətində qaldığını söyləyib.

“Əgər sanksiyalar tətbiq edilsəydi, eskalasiya baş verəcək və iqtisadiyyat çökəcəkdi. Həmin dövrdə müxalifət məhz bunu tələb edirdi. İndi isə arqumentləri qalmadığı üçün yalan danışmağa məcburdurlar”, - o bildirib.

İ.Kobaxidze eyni zamanda sabiq prezident Salome Zurabişvilinin bu məsələdə yanlış açıqlamalar verdiyini deyib və bunu müxalifətin çətin vəziyyətdə olması ilə əlaqələndirib.


Geri qayıt