Əsas Səhifə > Gündəm > “Silahlarımız düşmən üzərində qələbəni təmin etməyə imkan verir” - Zakir Həsənov

“Silahlarımız düşmən üzərində qələbəni təmin etməyə imkan verir” - Zakir Həsənov


11-01-2020, 14:09

 

Yanvarın 11-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə cari ildə müxtəlif səviyyələrdə döyüş atışlı təlim və praktiki məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib.

Nazir döyüş hazırlığını təmin edən müxtəlif ixtisaslı hərbi qulluqçuların peşəkar hazırlığının keyfiyyətli təşkili məqsədilə müvafiq təlim-maddi bazanın təkmilləşdirilməsi, bu kateqoriyadan olanlarla mütəmadi toplantıların keçirilməsi, qoşunların davamlı və dayanıqlı idarə olunmasının vəziyyətini müəyyən etmək üçün hərbi hissələrdə qəfil yoxlamaların əmr və direktivlərə uyğun aparılmasını, eləcə də şəxsi heyətin təlim-tərbiyəsinin, nizam-intizamının daim nəzarətdə saxlanılmasını tələb edib.

Cəbhədəki mövcud əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordunun və düşmənlə təmas xəttində yerləşən digər hərbi hissələrin döyüş qabiliyyətini yüksək qiymətləndirərək cari ildə də bu istiqamətdə görüləcək tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun sərəncamında olan silahların düşmən üzərində qələbəni tam təmin etməyə imkan verdiyini qeyd edən nazir Ermənistan silahlı qüvvələrinin bölmələrinin ehtimal olunan aktivliyinin qarşısının dərhal və daha üstün silahların tətbiq edilməsi ilə alınması məqsədilə adekvat tədbirlərin görülməsini tapşırıb.

Şəffaflıq.az
Geri qayıt