Əsas Səhifə > İnfrastruktur > Biletsiz sərnişinlər problemi maarifləndirmə, yoxsa cərimələrlə həll olunmalıdır?

Biletsiz sərnişinlər problemi maarifləndirmə, yoxsa cərimələrlə həll olunmalıdır?


Dünən, 11:11


Milli Məclisin plenar iclasında nəqliyyat vasitələrində biletsiz sərnişin daşımağa görə cərimənin artırılması və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. Dəyişikliyə əsasən, dəmir yolu nəqliyyatında biletsiz və ya ödənişsiz sərnişindaşıma üçün cərimə məbləğinin 40 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.

Yeni qaydalara uyğunlaşma

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Fərhad Eyyubov “Report”a açıqlamasında bildirib ki, müxtəlif nəqliyyat növlərində - hava, dəmir yolu və avtomobil nəqliyyatında sərnişin davranışları, təhlükəsizlik tələbləri və öhdəliklər fərqli tənzimlənir:

“Hava nəqliyyatında sərnişinin biletsiz səfər etməsi mümkün deyil, çünki bütün proseslər ciddi şəkildə qeydiyyata alınır. Dəmir yolu nəqliyyatında da bu qaydalar tədricən tətbiq olunmağa başlanıb. Məsələn, uzaq səfərlər üçün sərnişinlərdən şəxsiyyət vəsiqəsi və ya digər sənədlər tələb edilir”.

Ekspert əlavə edib ki, şəhərətrafı nəqliyyat vasitələri və dəmir yolu da bu sistemə uyğunlaşdırılır:

“Əvvəllər dəmir yolu nəqliyyatında sərnişinlərin biletləri nəzarətçilər tərəfindən yoxlanır və biletsiz sərnişinlər cərimələnirdi. Moskvada isə bu sistem daha sərt idi - yoxlama zamanı üçqat, dördqat, hətta beşqat cərimələr tətbiq edilirdi. Bu yanaşma həm nəqliyyat sektorunda çalışanların məsuliyyətini artırır, həm də sərnişinləri daha diqqətli olmağa sövq edirdi”.


Geri qayıt