Əsas Səhifə > Mədəniyyət > Nəsimi ilinə daha bir töhfə olan yeni kitab işıq üzü görüb.

Nəsimi ilinə daha bir töhfə olan yeni kitab işıq üzü görüb.


31-12-2019, 21:04
 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Nəsimi ilinə daha bir töhfəsi olan yeni kitab işıq üzü görüb.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, akademik Rafael Hüseynovun mütəfəkkir şairin anadan olmasının 650 illiyinə həsr edilmiş "Məkansız və zamansız" adlı kitabı "Elm və təhsil" nəşriyyatında buraxılıb.
Dahi söz ustadının mübarizəli həyat yolunun ayrı-ayrı məqamlarını orta əsr məxəzləri əsasında təsvir etdikdən sonra Rafael Hüseynov Nəsiminin 3 dildə yaratdığı zəngin ədəbi irsindən bəhs edir. Yaradıcılığının müxtəlif dövrlərində həllaciyə, bektaşilik, hürufilik kimi müxtəlif fəlsəfi cərəyan və təriqətlərə üz tutsa, şeirlərində məsləkdaşlarının baxış və düşüncələrinə uyğun bədii lövhələr yaratsa da, humanist idealların Nəsimi irsinin daimi yol yoldaşı olması portret-oçerkdə xüsusi vurğulanır. Kitabda İmadəddin Nəsiminin araşdırılmasında və xalqa təqdimində əməkləri olan klassik təzkirəçilərdən tutmuş, Salman Mümtaz, İsmayıl Hikmət kimi araşdırıcılaradək, eləcə də onlardan sonrakı nəsillərin mətnşünas və alinlərinin əsərləri yüksək dəyərləndirilir. Kitabın məziyyətlərindən biri də ondan ibarətdir ki, Nəsimi haqqındakı esse Azərbaycan dilindən savayı ingilis, rus və türk dillərində də verilir. Bu isə öz növbəsində, əcnəbi oxucuların Nəsiminin ömür yolu, söz və sənət dünyasını daha yaxından görüb-tanımasına meydan açır.
Yüksək poliqrafik səviyyədə nəşr edilmiş kitabı Azərbaycanın görkəmli rəssamları Sadıq Şərifzadənin, Mikayıl Abdullayevin, Oqtay Sadıqzadəninz, Maral Rəhmanzadənin və başqalarının İmadəddin Nəsiminin həyat yoluna aid tabloları və ayrı-ayrı qəzəllərinə çəkdikləri illüstrasiyalar bəzəyir. Eyni zamanda, nəfis tərtibatlı kitabda son yarım əsr içərisində Nəsimiyə həsr edilmiş müxtəlif dekorativ-tətbiqi sənət nümunlərindən fraqmentlər də yer alır.
Məkana və zamana sığmayan, ana dilimizin və bədii təfəkkürümüzün inkişafına, həmçinin Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına güclü təsir göstərən, insanı ülviləşdirərək ilahi mərtəbəyə ucaldan Nəsiminin bütün dövrlərin sevimli şairi olması və həmişə də belə qalacağı kitabın başlıca qayəsini təşkil edir.

Şəffaflıq.az
Geri qayıt