Əsas Səhifə > ELM VƏ TƏHSİL > İlham Əliyev və müasir Azərbaycan təhsilinin inkişaf strategiyası
İlham Əliyev və müasir Azərbaycan təhsilinin inkişaf strategiyasıBu gün, 00:21 |
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013 cü il 24 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi, son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır. Azərbaycan Respublikası qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. “Təhsil millətin gələcəyidir!” - bu müdrik kəlam Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, - istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində təhsilin, elm və mədəniyyətin inkişafı ən çox diqqət mərkəzində olan sahələrdən olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 21 il ərzində də respublikada təhsilin inkişafı prioritet kimi daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar və bu islahatların genişmiqyaslı nəticələri ölkənin gələcək perspektivlərini müəyyən edən strateji addımlardan biridir. Azərbaycan təhsilinin müasir dövrdə inkişafı bir çox aspektdən ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Xüsusilə, Prezident İlham Əliyevin təhsil sahəsindəki siyasəti və onun ölkənin intellektual potensialının inkişafına verdiyi töhfələr Azərbaycanı bölgədə qabaqcıl təhsil mərkəzinə çevirməkdədir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən təhsil sahəsinin önəmli bir prioritet olaraq dəyərləndiriləcəyini vurğulamışdır. O, Azərbaycanın gənc nəslinin müasir dünyaya uyğun rəqabətqabiliyyətli biliklərə və bacarıqlara malik olmasını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələrə start vermişdir. Təhsil siyasəti, təhsilin keyfiyyətinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi və müəllimlərin peşəkar səviyyələrinin artırılması istiqamətində yeni imkanlar açmışdır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək və zənginləşdirərək Azərbaycanı dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevirib. Cənab Prezident Azərbaycan xalqının və Ulu Öndərin müqəddəs arzusunu 21 il ərzində qətiyyətlə, ardıcıllıqla həyata keçirdiyi hərtərəfli tərəqqi və sürətli inkişaf strategiyası, mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu quruculuğu sayəsində reallaşdırdı. Azərbaycan Respublikası Silahlı Qüvvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. Dövlət başçımız möhtəşəm Zəfərin memarı və müəllifi kimi adını əbədi olaraq Azərbaycanın indiki və gələcək nəsillərinin yaddaşına, qızıl hərflərlə Vətən tarixinə yazdırdı. Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha uca zirvələr fəth edəcəkdir.
İlqar Talıbov, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Şəffaflıq.az Geri qayıt |