Əsas Səhifə > SİYASƏT > Çin Azərbaycanın ŞƏT-dəki statusunun yüksəldilməsini dəstəkləyir
Çin Azərbaycanın ŞƏT-dəki statusunun yüksəldilməsini dəstəkləyir20-12-2024, 14:15 |
Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) statusunun yüksəldilməsini dəstəkləyir. “Report” xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bu gün ilin yekununa həsr olunmuş mətbuat konfransında bildirib. D.Tao xatırladıb ki, Azərbaycan 2016-cı ildə ŞƏT-də dialoq üzrə tərəfdaş statusu alıb. "Çin Azərbaycanın ŞƏT xətti ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq və təşəbbüslərdə iştirakını alqışlayır. Ölkənin təşkilatdakı statusunun yüksəldilməsini dəstəkləyir. Çin Azərbaycanla sıx əməkdaşlığa hazırdır. Bundan əlavə, ticarət və investisiya, energetika, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, “yaşıl inkişaf” sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlığın səviyyəsini yüksəltmək üçün ŞƏT platformalarından daha səmərəli istifadə etməsini dəstəkləməyə hazırdır. Azərbaycanın hərtərəfli inkişafına hər cür töhfə verə bilər", - o vurğulayıb. Müvəqqəti işlər vəkili qeyd edib ki, Çin artıq ŞƏT-in sədrlik vəzifələrinin icrasına başlayıb və təşkilat çərçivəsində müxtəlif sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş 100-dən çox iclas və tədbir keçirməyi planlaşdırır. Xatırladaq ki, Azərbaycan ŞƏT-də müşahidəçi ölkə statusu almaq üçün müraciət edib. Geri qayıt |