Əsas Səhifə > MILLI MƏCLİS > Azərbaycanın diplomatları və onların ailə üzvləri üçün güzəştlər müəyyən edilir

Azərbaycanın diplomatları və onların ailə üzvləri üçün güzəştlər müəyyən edilir


13-12-2024, 12:43


Azərbaycanın diplomatları və onların ailə üzvləri üçün güzəştlər müəyyən edilir.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif edilən dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliklərə əsasən, diplomatik xidmətdə olan şəxsin həyat yoldaşının ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.

Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə görə, diplomatik xidmətdə olan şəxsin Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və bu Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilmiş həyat yoldaşı diplomatik xidmət orqanı əməkdaşının iş müddətində və ya bu müddət başa çatdığı tarixdən 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunacaq.

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən yeni maddədə isə qulluq stajına görə diplomatik xidmət əməkdaşları və onların ailə üzvlərinin əmək pensiyasına əlavələrin təyin edilməsi nəzərdə tutulub.

Həmçinin, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, diplomatik xidmətdə olan şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər, Azərbaycanın diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən və Azərbaycan vətəndaşı olmayan işçinin əməkhaqqı gəlir vergisindən azad olacaq.

Müvafiq layihələr səsverməyə qoyularaq, birinci oxunuşda qəbul edilib.


Geri qayıt