Əsas Səhifə > Hadisə > Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olunub

Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olunub


13-12-2024, 11:45


Müdafiə Nazirliyində mənimsəmə faktına görə müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində işləmiş Orucov Cəbrayıl Oruc oğlu cinayət məsuliyyətinə cəlb olunub.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, onun barəsində açılan cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib.

İş baxılması üçün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun icraatına verilib.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Cəbrayıl Orucov Müdafiə Nazirliyində ümumilikdə 143 milyon manat mənimsəmədə təqsirləndirilən nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə vermişdi.

Ötən müddətdə Cəbrayıl Orucov dövlət büdcəsinə vurulmiş ümumi ziyanın özünə çatan hissəsini ödəməyibdir.

Xatırladaq ki, Müdafiə Nazirliyində 143 milyon manat mənimsəmədə təqsirləndirilən şəxslər hər biri iki il müddətə maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib. Bundan başqa Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Geri qayıt