Əsas Səhifə > İnfrastruktur > Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin gördüyü işlər açıqlanıb
Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin gördüyü işlər açıqlanıbDünən, 11:56 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaratdığı Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin fəaliyyəti iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət məqsədi daşıyır. Şəffaflıq.az xəbər verir ki, bunu Agentliyin Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov mərkəzə təşkil edilmiş mediaturda bildirib. Onun sözlərinə görə, Mərkəz elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə edir: "Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş mərkəz, iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan verir". AYNA rəsmisi qeyd edib ki, yeni texnologiyaların tətbiqi yol infrastrukturunun qorunması və təhlükəsizlik tələblərinin təmin edilməsinə yönəlib: "Ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılır. Artıq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda ümumilikdə 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə işlər davam edir. Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliyyat vasitələri foto və video qeydiyyat vasitələri ilə aşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan 7000 manata qədər nəzərdə tutulub". Media nümayəndələri elektron tərəzilərin texniki göstəriciləri ilə tanış olmaq üçün Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 47,9-cu kilometrindəki məntəqəyə səfər ediblər. Geri qayıt |