Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bu ilin 9 ayı ərzində Naxçıvanda aliment ödəməyən 66 nəfər həbs edilib

Bu ilin 9 ayı ərzində Naxçıvanda aliment ödəməyən 66 nəfər həbs edilib


4-11-2024, 11:25


Naxçıvan Muxtar respublikasında (MR) yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ümumilikdə tələbkarlara 3 milyon 385 min 326 manat aliment ödətdirilib.

Bunu Naxçıvan MR Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev deyib.

O bildirib ki, 2024-cü ilin ötən dövrü ərzində yerli icra və probasiya qurumlarının icraatına aliment tələbinə dair 765 icra sənədi daxil olub, icraatda olan aliment tələbinə dair 580 icra sənədi icraatdan çıxarılıb.

İ.Vəliyevin sözlərinə görə, 2024-cü ilin müvafiq dövrü ərzində icraatda olmuş 3699 aliment tələbinə dair icra sənədi üzrə 6243 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ümumilikdə tələbkarlara 3 milyon 385 min 326 manat aliment ödətdirilib. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini üzrsüz səbəbdən icra etmədiyinə görə 66 nəfər borclu inzibati qaydada həbs edilib, 1 nəfər borclu inzibati qaydada cərimə edilib.

Həmçinin 107 nəfər borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 2024-cü ilin 9 ayı ərzində aliment məbləğini qərəzli olaraq ödəmədiyindən 1 nəfər borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi başlanılıb.

Hazırda icrası davam etdirilin 3179 icra sənədi üzrə ümumilikdə 5025 yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tələbkarlara alimentin ödənilməsi davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt