Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Xalq artisti Çimnaz Babayeva vəfat etdi

Xalq artisti Çimnaz Babayeva vəfat etdi


23-12-2019, 23:32

 

Xalq artisti, balet ustası Çimnaz Babayeva vəfat edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, 74 yaşlı balet ustası dekbarın 23-də vəfat edib.

Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.
Ç.Babayeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz xoreoqrafik obrazlar yaradıb. O, öz həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A. Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q. Qarayevin “Yeddi gözəl” baletində Aişə, “İldırımlı yollarla”da Sari, Ə. Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F. Əmirovun “Nəsimi haqqında dastan”ında Nəsiminin sevgilisi, L. Minkusun “Don Kixot”unda Kitri, D. Şostakoviçin “Xanım və xuliqan”ında xanım və başqa tamaşalarda Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaldıb.

O, 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərib.
O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülüb. 2002-ci ildən Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Şəffaflıq.az
Geri qayıt