Əsas Səhifə > SİYASƏT > TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək

TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək


1-11-2024, 14:19


Türk Dövlətləri Təşkilatının (TDT) bu il noyabrın 6-da Bişkekdə keçiriləcək sammiti “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı altında keçiriləcək.

“Report” bu barədə təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, TDT ölkələrinin liderləri iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik məsələlərini müzakirə edəcək, həmçinin təşkilatın əsas layihələri ilə bağlı qərarlar qəbul edəcək və müvafiq sənədlər imzalayacaqlar.

Bundan başqa, TDT-yə üzv olan ölkələrin liderlərinin regionda baş verən iqtisadi və siyasi prosesləri müzakirə edəcəkləri, türk dünyasının birliyi və inkişafının daha da möhkəmləndirilməsi üzrə tədbirlərlə bağlı fikir mübadiləsi aparacaqları gözlənilir.

Sammitin sonunda təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.

Tədbirin yekunları üzrə dövlət başçıları Bişkek Bəyannaməsini imzalayacaqlar.

Bundan əlavə, Bişkekdə liderlərin sammiti ərəfəsində gündəliyə daxil olan məsələlərin və dövlət başçıları tərəfindən imzalanacaq sənədlərin razılaşdırılması üçün təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.


Geri qayıt