Əsas Səhifə > SİYASƏT > YAP: Bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasının daha da İNKİŞAFINA ÖZ TÖHFƏSİNİ VERƏCƏK

YAP: Bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasının daha da İNKİŞAFINA ÖZ TÖHFƏSİNİ VERƏCƏK


23-12-2019, 23:14

 

Azərbaycan Respublikasında 23 dekabr 2019-cu ildə yerli və xarici müşahidəçilərin iştirakı və seçicilərin fəalliğı şəraitində yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə növbəti azad, demokratik və şəffaf seçkilər keçirilib.

Yeni Azərbaycan Partiyası Bələdiyyə seçkilərinə “Xalq üçün” şüarı ilə qatılaraq seçki kampaniyasının bütün mərhələlərində uğurla iştirak edib.
Hər bir rayon və şəhər təşkilatının nəzdində seçki qərargahları yaradılbı, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış Yeni Azərbaycan Partiyasının bu qurumda və hər bir seçki dairəsində səlahiyyətli nümayəndəsi, habelə respublika üzrə Mərkəzi Seçki Komissiyası, seçki dairələri və seçki məntəqələri üzrə beş mindən yuxarı müşahidəçiləri təyin edilib.

Yeni Azərbaycan Partiyası tərəfindən qəbul edilmiş qərara əsasən Azərbaycanda mövcud 1606 bələdiyyənin hər birini əhatə etməklə, ümumilikdə 14 min nəfərdən yuxarı bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb. Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi namizədlər arasında gənclər və qadınlar əhəmiyyətli yer tutur.

Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində  “Xalq üçün” şüarı ilə ölkənin bütün regionlarında, hər bir bələdiyyə ərazisində seçicilərlə çoxsaylı görüşlər keçirib. Bu görüşlər bir daha təsdiq etmişdir ki, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədləri dəstəkləyir.

Bələdiyyə seçkilərindən əvvəl və onun  gedişində radikal müxalifət öz ənənəsinə sadiq qalaraq bu seçkiləri gözdən salmaq, yerli idarəetmənin strukturundakı rolunu  şübhə altına almaq istiqamətində uğursuz təbliğat aparmağa cəhdlər göstərdi. Lakin əhalinin seçkilərə göstərdiyi maraq  və böyük ictimai fəallıq onların bir daha cəmiyyətlə ayaqlaşa bilmədiklərini və xalqın arasında nüfuzunu tam olaraq itirdiyini bir daha sübut etdi.

Bu gün keçirilən səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi formalaşacaq, minlərlə vətəndaş ölkənin yerli özünüidarəetmə orqanlarında təmsil olunaraq, regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həllində, bütövlükdə dayanıqlı inkişafın təmin edilməsi prosesində yaxından iştirak etmək imkanları qazanacaq.

Partiyamızın çoxsaylı müşahidəçilərinin verdikləri ilkin məlumatlara əsasən, YAP-ın bu seçkilərdə də seçicilərin tam dəstəyini əldə etdiyini ifadə edə bilərik. Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlardan, ardıcıl həyata keçirilən mütərəqqi sosial layihələrdən, ölkəmizin regionda və dünyada artan nüfuzundan irəli gəlir. Hesab edirik ki, dekabr ayının 23-də baş tutmuş növbəti bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasının daha da inkişafına öz töhfəsini verəcəkdir.

Şəffaflıq.az
Geri qayıt