Əsas Səhifə > SİYASƏT > Fərid Mustafayev: Prezident İlham Əliyevin XVI BRICS Sammitində iştirakı ölkəmiz üçün mühüm əhəmiyyətlidir.

Fərid Mustafayev: Prezident İlham Əliyevin XVI BRICS Sammitində iştirakı ölkəmiz üçün mühüm əhəmiyyətlidir.


28-10-2024, 19:25


  İqtisadi əməkdaşlıq və inkişaf sahəsində əhəmiyyətli rol oynayan, dünyanın aparıcı beş ölkəsini - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirən, 9 üzvü olan BRİCS təşkilatı beynəlxalq bir ittifaqdır. Fəaliyyətə 2006-cı ildən başlayan BRİCS təşkilatının məqsədi üzv ölkələrin iqtisadi inkişafını sürətləndirmək, qlobal iqtisadiyyatda balans yaratmaq və qarşılıqlı əməkdaşlıq vasitəsilə inkişaf üçün əlverişli şərait yaratmaqdır. O cümlədən təşkilat qlobal iqtisadi problemlərin həllində aktiv rol oynamağı və dünya miqyasında iqtisadi ədalətə nail olmağı hədəfləyir.

 BRİCS təşkilatı ilə ölkəmizin əlaqələri, Azərbaycanın beynəlxalq əməkdaşlıq və inkişaf sahəsindəki strateji prioritetlərindən irəli gəlir. Zəngin təbii resurslarımız, geosiyasi mövqeyimiz və Avrasiyanın mühüm nəqliyyat qovşağı olaraq rolumuz, bizim BRİCS üzv ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarımızı genişləndirir. Azərbaycan bu mənada, iqtisadiyyatının diversifikasiyası, nəqliyyat-logistika sahələrinin inkişafı və texnoloji tərəqqi baxımından BRİCS ölkələri ilə qarşılıqlı əlaqələrini artırmağı hədəfləyir. 

  İnvestisiya, energetika, infrastruktur və texnologiya sahələrində ölkəmizin BRİCS ilə əməkdaşlığı, mühüm potensial daşıyır. Sözügedən təşkilatla Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsi, ölkənin qlobal iqtisadi arenada rolunun gücləndirilməsi və regionda davamlı inkişafa töhfə verməsi üçün perspektivli imkanlar yaradır. Bu baxımdan cari ilin 24 oktyabr tarixində Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və çıxışı mühim əhəmiyyət kəsb edir. Dövlət başçısı çıxış nitqində qeyd edib: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”
  Ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirən ölkə rəhbərimiz bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentlərinin uğurla fəaliyyət göstərdiyini, bu günki məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırıldığını nəzərə çatdırıb.
 Dövlətimizin başçısı noyabrda Bakının ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacağını vurğulayaraq, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarının bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutu olduğunu xatırladıb. Prezident İlham Əliyev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini, iqlim dəyişikliyi, qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstəriləcəyini bəyan edib. 

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında XVI BRICS Sammiti əsnasında görüş keçirilib. Tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, həmçinin sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Hər iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

 

Fərid Mustafayev 

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini


Şəffaflıq.az


Geri qayıt