Əsas Səhifə > İqtisadiyyat > Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında məşğul olan fermerlərlə görüş keçirilib. -FOTO
Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında məşğul olan fermerlərlə görüş keçirilib. -FOTO21-12-2019, 22:52 |
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Toxumçular Assosiasiyası regionlarda toxumçularla görüşlərə başlayıb. Bu istiqamətdə ilk olaraq Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında məşğul olan fermerlərlə görüş keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə Şəffaflıq.az bildirir ki, görüşlərdə çıxış edən Şamaxı DAİM-in rəhbəri Etibar Muradlı ölkədə aqrar sahədə aparılan islahatlar barədə toxumçuları məlumatlandırıb. Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin əməkdaşı Sevda Məmmədli şöbənin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların yaranmasına hüquqi və texniki dəstək göstərilməsi, fəaliyyətlərinin təkmilləşdirilməsi, dövlət və özəl təşkilatlarla assosiasiyalar arasında koordinasiyanın təmin edilməsi istiqamətində fəaliyyəti barədə danışıb. Tədbirdə çıxış edən Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev assosiasiyanın əsas məqsəd və vəzifələrinə toxunub, müvafiq qurumlarla qarşılıqlı əməkdaşlıq istiqamətləri üzrə görülən işləri diqqətə çatdırıb. Afər Hacıyev bütün toxumçuları assosiasiyanın fəaliyyətinə dəstək verməyə çağırıb, üzləşdikləri çətinliklərin qısa zamanda həllinə hərtərəfli dəstək veriləcəyini, bölgələrdə toxumçularla qarşılıqlı əməkdaşlıq ediləcəyini bildirib. O, toxumçuluqla bağlı yeni qanun layihəsi barədə tədbir iştirakçılarına məlumat verib və bütün toxumçuları yüksək keyfiyyətli, məhsuldar və sertifikatlı toxum istehsal etməyə çağırıb. Görüşdə Azərbaycan Toxumçular Assosiasiyasının Dövlət Toxum Fondu ilə imzaladığı Anlaşma Memorandumu, Aqrar Xidmətlər Agentliyi ilə əməkdaşlıq istiqamətləri barədə məlumat verilib. Daha sonra toxumçuluğun inkişafı istiqamətində toxumçularla müzakirələr aparılıb, onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb. Tədbirin sonunda toxumçular assosiasiyanın fəaliyyətini dəstəklədiklərini bildirib, üzvlük üçün müraciət ediblər. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Toxumçular Assosiasiyasının nümayəndə heyəti Şəki rayonunda da analoji görüş keçirib. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən görüşdə Şəki, Zaqatala, Oğuz və Qax rayonlarında toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak edib. Tədbirdə bildirilib ki, aqrar sahə üzrə assosiasiyaların yaradılması kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların bir araya gələrək daha effektiv fəaliyyət göstərə bilməsi, məhsuldarlığın artırılması, planlı təsərrüfatla məşğul olması baxımından əhəmiyyətli rol oynayır. Qeyd olunub ki, assosiasiyaların təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına imkan verir. Görüşdə toxumçuluğun inkişafı istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb. Şəffaflıq.az Geri qayıt |