Əsas Səhifə > ƏSAS XƏBƏR > COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur
COP29 konfrans məkanında inklüziv iştirak üçün müyəssər infrastruktur qurulur17-10-2024, 20:10 |
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın və müyəssər şəraitin təmin edilməsi məqsədilə tədbir məkanı Bakı Stadionunda bir sıra müvafiq həllər tətbiq edir. Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlılıq siyasətinin 7 əsas öhdəliklərindən biri olan inklüzivlik və əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkili prosesində prioritet kimi nəzərə alınan amillərdəndir. Belə ki, Əməliyyat Şirkəti tədbir məkanı olan Bakı Stadionunda COP təcrübəsində ilk dəfə Bakıda keçiriləcək COP29-un plenar iclas zalında eşitmə və nitq məhdudiyyətli şəxslər üçün işarət dilinə tərcümə və audio induksiya sistemi xidmət göstərəcək. Sessiya və panelləri əlçatan etmək üçün işarət dili üzrə surdo-tərcüməçilər xidmət göstərəcək. Tədbir məkanının dizaynı zamanı müvafiq zona və zallar görmə məhdudiyyətli şəxslər üçün kontrast nəzərə alınmaqla tərtib edilib. Görmə məhdudiyyəti olan şəxslər məkanda rahat naviqasiya üçün Brayl əlifbası ilə hazırlanan qapı lövhələri, məlumat nişanları, məkan xəritələri və müxtəlif broşürlardan istifadə edə biləcəklər. Qeyd edək ki, bu materialların əksəriyyəti Azərbaycanda yaşayan görmə məhdudiyyətli şəxslər tərəfindən hazırlanıb. Tədbirlə bağlı məlumatlara inklüziv çıxışı təmin etmək məqsədilə müyəssərliklə bağlı informasiya məntəqəsi də xidmət göstərəcək. Burada əlilliyi görünməyən insanlar üçün günəbaxan simvollu lentlər istəyə görə təqdim olunacaq, Brayl əlifbası ilə hazırlanmış tədbir məkanı xəritəsi təmin ediləcək, eləcə də yoxlama və ilkin texniki dəstəyi özündə ehtiva edən təkərli oturacaqların təmiri xidməti və elektrikli təkərli oturacaqlar üçün enerji doldurma məntəqəsi fəaliyyət göstərəcək, habelə ehtiyat təkərli oturacaqlar təklif olunacaq. Bundan əlavə, fiziki imkanları məhdud olan şəxslərin tədbir məkanının bütün sahələrində yerdəyişməsini asanlaşdırmaq məqsədilə müvafiq pandus və liftlər quraşdırılacaq, eləcə də xüsusi parklanma yerləri, müyəssər sanitar qovşaqları və sakit otaq mövcud olacaq. Bununla yanaşı, tədbir məkanına girişi asanlaşdırmaq üçün piyada yoxlama-keçid məntəqələrində (PSA) “yaşıl keçid” zonaları, habelə COP tədbirləri tarixində ilk dəfə Mavi və Yaşıl zonaların girişlərində taktil xəritələr yerləşdiriləcək. Müyəssərlik və inklüzivlik öhdəliklərinin eyni zamanda qonaqlama və nəqliyyat xidmətlərində də tətbiqi icra edilir. Belə ki, iştirakçılara müyəssər qonaqlama məkanlarının, eləcə də tədbir məkanına gediş-gəlişi asanlaşdırmaq üçün müyəssər nəqliyyat variantlarının geniş siyahısı da təqdim ediləcək. Tədbirdə iştirak edəcək fiziki imkanları məhdud şəxslərə dəstək olmaq və inklüziv mühiti təşviq etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və COP29 könüllülərinə, eləcə də müxtəlif xidmət sahələrinin əməkdaşlarına müvafiq təlimlər keçirilir. Bu təlim sessiyaları sayəsində şirkətin əməkdaşları və könüllülər fiziki imkanları məhdud şəxslərə planetimizin gələcəyi ilə bağlı mühüm müzakirələrdə iştirak etmək imkanı yaratmaqla yanaşı, tədbirə qatılan hər kəsə yardımçı olmaq üçün müvafiq bacarıqlara yiyələnəcəklər. Şəffaflıq.az Geri qayıt |