Əsas Səhifə > SİYASƏT > İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub


17-10-2024, 13:08


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.

Şəffaflıq.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə etdi.

Qeyd edildi ki, ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevə COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verildi.

Dövlət başçısı ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış oldu.

Azərbaycan Prezidentinə COP29 Yaşıl Zonada görülən işlər barədə də geniş məruzə edildi.

Dövlətimizin başçısı Media Mərkəzinə də baxdı. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılır. Bildirildi ki, konfransın işıqlandırılması üçün bu günə qədər ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla çox sayda media nümayəndəsi akkreditasiyadan keçib.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.


Geri qayıt