Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçiriləcəyi müəyyənləşib
Azərbaycanda halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçiriləcəyi müəyyənləşib8-10-2024, 11:11 |
Halal sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil ediləcək. Şəffaflıq.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib. Onun sözlərinə görə, müraciət prosesinin asanlaşdırılması məqsədilə müvafiq işlərə başlanılıb: "İnnovativ həllərin tətbiq olunması ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr də formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərindən ibarətdir". Q.Təhməzli vurğulayıb ki, Qida Təhlükəsizliyi İnstitutunun "HALAL" uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) müəyyənləşdirilmiş beynəlxalq standarta uyğun olaraq, Türkiyənin Halal Akkreditasiya Qurumuna müraciət edib: "Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq müəssisələrdən birində müvafiq standart ("OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər") üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib". Geri qayıt |