Əsas Səhifə > SİYASƏT > Bakıda iqlim dəyişikliyinin transsərhəd su idarəçiliyinə təsiri müzakirə olunub
Bakıda iqlim dəyişikliyinin transsərhəd su idarəçiliyinə təsiri müzakirə olunub4-10-2024, 16:43 |
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "İqlim dəyişikliyinin və paradiqma dəyişikliklərinin transsərhəd su idarəçiliyinə təsiri" adlı panel sessiyası keçirilib. "Report" xəbər verir ki, tədbirdə Xəzərdə və Mərkəzi Asiyada suyun idarə edilməsində boşluğu aradan qaldırılması, dənizdə çirklənmənin azaldılması və qarşısının alınması üçün tədbirlərdən danışılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov deyib ki, iqlim dəyişikliyi hər ölkədə özünü fərqli göstərir: "Ölkələr arasında strateji plan olmalıdır. Birgə əməkdaşlıq tənzimlənməlidir. Su diplomatiyası bu sahədə tutarlı istiqamətdir. Bu, yerli icmalar və ya hökumətlər arasında ola bilər. Mütəxəssislər və ekspertlərin iştirakı ilə qərarlar qəbul edilməlidir". "Boston Consulting Group"un (BCG) idarəedici direktoru Anton Aristov bildirib ki, 2050 ci ildə istiləşmə 2.5-ə çata bilər: "Bu isə artıq buzlaqların əriməsi deməkdir: Bu o deməkdir ki, müəyyən bir yerdə tələb və təklif arasında balans pozulacaq. Su çatışmazlığı yaranacaq, təcili müzakirələr təşkil edilməlidir. Transsərhəd işçi qrupları yaradılsa, suyun istehlakı, istifadəsi ilə bağlı işlər aparıla bilər". Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı Aygün İsyrayilova vurğulayıb ki, su resurslarının idarəetmə məsələsində problemlər kifayət qədərdir: "Əgər vəziyyət belə davam edərsə, 2050-ci ilə qədər problem daha da ağırlaşacaq. Kəmiyyət və keyfiyyət ölçülərinə baxmalı, dataları emal edib digər dövlətlərlə təcrübə mübadiləsi aparmalıyıq". Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, problemin həlli üçün ölkələr bir araya gəlməlidir. O vurğulayıb ki, sərhədyanı su hövzəsi daha çox əməkdaşlıq tələb edir. Panel müzakirələrlə işini başa çatdırıb. Geri qayıt |